1 iyuldan etibarən qaydanı pozanlar 135 avro cərimələnəcək
Fransa hökuməti açıq havada siqaret çəkmə qaydalarına ciddi məhdudiyyətlər tətbiq edir. İyulun 1-dən etibarən ölkədə uşaqların gedə biləcəyi bütün açıq məkanlarda siqaret çəkmək rəsmi olaraq qadağan ediləcək. Bu barədə ölkənin səhiyyə və ailə naziri Katrin Votren açıqlama verib.
Tribunainfo.az BBC -yə istinadən xəbər verir ki, yeni qaydalar çimərlikləri, parkları, ictimai bağları, məktəb yaxınlıqlarını, avtobus dayanacaqlarını və idman meydançalarını əhatə edəcək. Nazirin sözlərinə görə, bu qərarın əsas məqsədi uşaqları tütün tüstüsündən qorumaqdır.
“Siqaret çəkmək azadlığı, uşaqların təmiz hava almaq hüququ başladığı yerdə bitməlidir,” – deyə Votren bildirib.
Qaydanın icrasına nəzarət polis orqanları tərəfindən həyata keçiriləcək. Qanunu pozan şəxsləri 135 avro məbləğində cərimə gözləyir.
Bununla belə, ictimai iaşə obyektlərinin – kafe və restoranların açıq terrasları qadağaya daxil edilməyəcək. Elektron siqaretlər üçün hələlik əlavə vergi tətbiq olunmasa da, hökumət onların tərkibindəki nikotin miqdarına məhdudiyyət qoyulması üzərində işləyir.
Rəsmi statistikaya görə, hazırda Fransada əhalinin 23,1 faizi gündəlik siqaret çəkir. Bu, ölkə tarixində qeydə alınmış ən aşağı göstəricidir və 2014-cü illə müqayisədə 5 faiz bəndindən çox azalmadır.
Fransanın Siqaretlə Mübarizə üzrə Milli Komitəsinin məlumatına əsasən, hər il tütün istifadəsi ilə bağlı xəstəliklər səbəbindən 75 mindən çox insan həyatını itirir ki, bu da ölkədəki ümumi ölüm hallarının təxminən 13 faizini təşkil edir.
İmran Kərimli