Bu ölkədə bankomatdan istifadə zamanı yaşlılara telefonla danışmaq qadağan edilib – SƏBƏB

Bu ölkədə bankomatdan istifadə zamanı yaşlılara telefonla danışmaq qadağan edilib-SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada “xüsusi fırıldaqçılıq” (tokushu sagi) adlanan hallarla bağlı xəbərləri təkrar-təkrar eşidirik. Bu fırıldaqları “xüsusi” edən odur ki, dələduzlar qurbanla heç vaxt üzbəüz görüşmürlər – bunun əvəzinə telefon, internet və ya poçt vasitəsilə əlaqə quraraq özlərini ailə üzvü, dövlət qurumu əməkdaşı, bəzən isə, qəribə olsa da, Mik Caqqer kimi təqdim edirlər.

Tribunainfo.az  japantoday.com-a istinadən xəbər verir ki, bu cür cinayətlərə qarşı ən həssas qrup ölkənin yaşlı insanlarıdır. Hər il yaşlılar bu dələduzlara böyük məbləğlərdə pullar verir və hökumət orqanları bu problemə qarşı ciddi çıxış yolu tapa bilmir.

Sevindirici haldır ki, yanvar ayında bu cür hadisələrin və maddi zərərlərin ümumi sayı 14 milyard yendən 8 milyard yenə düşüb.

Yaponiyada bu növ fırıldaqlardan ən çox zərər çəkən bölgələrdən biri sayılan Osaka prefekturası artıq yeni tədbirlər görüb – 65 yaşdan yuxarı şəxslərin bankomatdan istifadə zamanı telefonla danışmasına qadağa qoyulub.

24 martda prefektura assambleyasının yekdil səsverməsi ilə qəbul edilən bu qərar yalnız telefonla danışmaqla məhdudlaşmır. Artıq ATM olan bütün müəssisələrdən “ATM və telefon eyni anda istifadə olunmasın” məzmunlu plakatlar asmaq, yaşlılar üçün gündəlik maksimum 100 min yen (təxminən 650 dollar) köçürmə limiti tətbiq etmək tələb olunur. Bundan əlavə, öncədən ödənilmiş kartlar satan məkanlar da alıcının fırıldaqçılıq qurbanı olmaq riskini qiymətləndirməlidir.

Bu tip qanun Yaponiyada ilk dəfə qəbul edilir, lakin qeyd edilməlidir ki, keçmişdə Kaqava prefekturasının video oyun məhdudiyyətləri kimi bu qərara da əməl etməyənlər üçün cərimə və ya hüquqi məsuliyyət nəzərdə tutulmur. Bununla belə, bu qərar banklar və müəssisələr üçün sosial məsuliyyət və ictimai imic məsələsi olduğu üçün ciddi qəbul ediləcəyi gözlənilir. Kim razı deyil, gedib hansısa yapon şirkətinin saytına baxsın – hamısı bir şəkildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) əməl etdiklərini göstərməyə çalışır.

Onlayn oxucuların şərhlərinə gəlincə, bəziləri bu qərarı problemli saysa da, əksəriyyət razılaşır ki, xüsusi fırıldaqçılıq kompleks və asan həll yolu olmayan problemdir:

“İnsanların uzun illər işləyib qazandığı pensiyaların belə asanlıqla oğurlanması çox əsəbidir.”

“Çətin işdir. Yaşlılar aldanmaqlarını etiraf etmək istəmirlər və davranışlarını dəyişməyə meylli deyillər.”

“Yaşlılara köçürmə limitləri qoymaq tiranikdir. Əgər kassadan istifadə etməli olurlarsa, ATM-lə eyni komissiya haqqı ödənilməlidir.”

“Düşünürəm ki, bu cür qaydalar bank işçilərini daha məsuliyyətli edəcək, ona görə problem görmürəm.”

“Yenilər də fırıldaqdan sığortalanmayıb axı.”

“ATM-də telefonla danışmaq onsuz da əsəbi bir şeydir. Ümumiyyətlə, hamı üçün qadağan edilsin!”

“Sadəcə istəyirəm ki, bu dələduzları bir yol tapıb yaxalasınlar.”

“Yaxşı, bəs ‘yaşlı’ deyəndə nəyi nəzərdə tuturlar? ATM-də bizdən şəxsiyyət vəsiqəsi soruşacaqlar?”

Bu arada, həm də bank funksiyası daşıyan Japan Post artıq məsələni həll etmək üçün tədbirlər görür – AI texnologiyası bankomat istifadə edən şəxsin telefonla danışıb-danışmadığını aşkar edə bilir. Eyni sistemin istifadəçinin yaşını da müəyyən etməsi mümkündür.

Nəticə etibarilə, xüsusi fırıldaqçılıqlar yalnız o zaman yox olacaq ki, bu dələduzları aşkar etmək üçün daha inkişaf etmiş üsullar hazırlanacaq. Amma o vaxta qədər, belə tədbirlərin cəmiyyətə vurulan zərərin azaldılmasına yardımçı olacağı ümid edilir.

İmran Kərimli