Hind Okeanında yerləşən arxipelaq – Maldiv adaları 2007-ci ilin yanvarından sonra doğulan hər kəs üçün siqaret çəkməyi qadağan etməyə başlayıb.
Tribunainfo.az The Guardian-a istinadən bildirir ki, beləcə ölkə tütünə qarşı nəsillərarası qadağa tətbiq edən yeganə dövlət olub.
Maldiv Səhiyyə Nazirliyinin məlumatına görə, prezident Mohamed Muizzunun təşəbbüsü ilə bu il qəbul edilən qərar 1 noyabr 2025-dən qüvvəyə minib və məqsədi “ictimai sağlamlığı qorumaq və tütünsüz bir nəslin formalaşmasını təşviq etməkdir”.
Nazirliyin açıqlamasında deyilir:
“Yeni qaydalara əsasən, 1 yanvar 2007-ci il tarixində və ya ondan sonra doğulan şəxslərin Maldiv ərazisində tütün məhsulları alması, istifadə etməsi və ya onlara satılması qadağandır.”
Qadağa tütünün bütün formalarına şamil olunur. Pərakəndə satıcılar satışdan əvvəl alıcının yaşını yoxlamaqla məsuldurlar.
Bu tədbir, 1191 xırda mərcan adasından ibarət və lüks turizmi ilə tanınan ölkəyə gələn turistlərə də aiddir.
Nazirlik həmçinin elektron siqaretlərin və buxarlandırıcıların idxalını, satışını, paylanmasını, saxlanmasını və istifadəsini də yaşından asılı olmayaraq hamı üçün qadağan etdiyini bildirib.
Yetkinlik yaşına çatmayanlara tütün məhsulu satanlar 50 000 rufiya (təxminən 3200 dollar) cərimə ediləcək, vape cihazlarından istifadə edənlər isə 5000 rufiya (təxminən 320 dollar) məbləğində cərimə ödəyəcəklər.
Qeyd olunur ki, Böyük Britaniyada buna bənzər nəsillərarası tütün qadağası hələ parlament müzakirəsindədir, Yeni Zelandiya isə 2023-cü ilin noyabrında qəbul etdiyi oxşar qanunu bir ildən az müddət sonra ləğv etmişdi.
İmran Kərimli










