“Bu nəticə bir neçə şagirdin yox, bütöv təhsilin uğursuzluğudur”- Ekspertdən sərt tənqid

“Bu nəticə bir neçə şagirdin yox, bütöv təhsilin uğursuzluğudur”- Ekspertdən sərt tənqid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) Azərbaycanın medal qazana bilməməsi, 110 ölkə arasında cəmi 74-cü yeri tutması son günlərdə ölkənin təhsil sistemindəki problemləri yenidən gündəmə gətirib. Beynəlxalq səviyyədə istedadların yarışdığı belə nüfuzlu bir tədbirdə ölkənin heç bir mükafat almadan geri dönməsi sadəcə bir riyazi nəticə deyil – bu, təhsil sistemində uzun illərdən bəri yığılıb qalmış struktur problemlərin, planlaşdırma çatışmazlıqlarının və qeyri-effektiv idarəetmənin bariz göstəricisi kimi qiymətləndirilir.

Mətbuatda və sosial şəbəkələrdə məsələ geniş müzakirə olunur, ekspertlər isə bunun təkcə bir neçə məktəblinin uğursuzluğu deyil, bütöv bir sistemin iflası olduğunu vurğulayırlar. İddialara görə, dövlət büdcəsindən hər il milyonlarla manat məhz istedadlı uşaqlarla iş, beynəlxalq olimpiadalara hazırlıq və təşviq proqramlarına ayrılır. Lakin nəticələrin bu qədər zəif olması həmin resursların səmərəliliyinə, şəffaflığına və məqsədəuyğunluğuna ciddi suallar doğurur.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanın 110 ölkə arasında 74-cü yeri tutması və medal qazanmaması təhsil sistemində illərdir yığılıb qalmış problemlərin birbaşa göstəricisidir. Bu nəticə sadəcə olimpiadaya qatılan bir neçə şagirdin deyil, bütöv bir sistemin uğursuzluğudur. Əgər ölkə illərlə “istedadlı uşaqlarla iş” adı altında layihələr, mərkəzlər, proqramlar və xaricə göndərişlər həyata keçirirsə, lakin nəticə bu cür fiasko ilə yekunlaşırsa, deməli, ortada ya saxta fəaliyyət var, ya da bu fəaliyyətlər planlı şəkildə qeyri-effektiv təşkil olunur.

Rəsmi məlumatlara görə, hər il dövlət büdcəsindən yalnız Elm və Təhsil Nazirliyi və tabeliyindəki qurumlar vasitəsilə müxtəlif beynəlxalq olimpiadalara hazırlıq, iştirak və təşviq məqsədilə milyonlarla manat vəsait ayrılır. 2023-cü ilin dövlət büdcəsi hesabatlarında bu sahəyə ayrılmış vəsaitin yalnız “İstedadlı uşaqlarla iş və əlavə təhsil” bölməsi üzrə 6 milyon manatdan çox olduğu qeyd olunur. Bundan əlavə, “RİAY”, “Gənc İstedadlar Liseyi”, “Zəka” və “Kreativ Tədris” mərkəzləri kimi adlar altında fəaliyyət göstərən qurumlara büdcədən ayrıca xərclər ayrılır. Lakin bu qədər resurs fonunda ölkənin olimpiada nəticələrinin yox səviyyəsində olması bu vəsaitlərin necə xərcləndiyinə ciddi suallar yaradır. Ən pisi odur ki, bu fəaliyyətlər ictimaiyyət üçün şəffaf deyil. Kimlərin seçildiyi, nə cür hazırlandığı, hansı meyarlarla xaricə göndərildiyi haqda ictimai hesabatlar yoxdur. Təəssüf ki, ölkədən xaricə hazırlıq və ya yarış məqsədilə göndərilən uşaqların seçimi də çox vaxt şəxsi münasibətlər, tanışlıq və himayəçilik prinsipi ilə həyata keçirilir”.

Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Təhsil haqqında Qanunun 10.1.6-cı maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət istedadlı uşaqların inkişafına şərait yaratmalı və onların yaradıcılıq potensialını dəstəkləməlidir. Lakin bu vəzifə formal bəndlərdə qalıb, praktikada isə bu uşaqlar sistemin diqqətindən tamamilə kənarda qalır. Onlar ancaq öz valideynlərinin maddi imkanları və şəxsi təşəbbüsü hesabına uğur qazanmağa çalışırlar. Dövlət isə bu prosesin təşkilinə yox, görüntü yaratmağa resurs ayırır. Müəyyən “seçilmiş” uşaqlar xarici ölkələrə müxtəlif tədbirlər, forumlar, təlimlər üçün göndərilir, lakin bu seçimlərdə nə şəffaflıq, nə də obyektivlik var. Belə olimpiadalar yalnız ad və statistika xatirinə keçirilməklə milyonlarla vəsaitin silinməsi üçün mexanizmə çevrilib.

Dünya praktikasında olimpiada sistemləri uzunmüddətli, mərhələli və strateji şəkildə qurulur. Məsələn, Cənubi Koreya 3-5 illik dövrdə ölkə üzrə seçilmiş şagirdləri xüsusi olimpiada mərkəzlərinə cəlb edir, onlar elmi rəhbərlərlə, təcrübəli riyaziyyatçılarla, psixoloqlarla və tədris metodistləri ilə işləyir. Türkiyədə TÜBİTAK bu işi dövlət səviyyəsində planlı şəkildə həyata keçirir. Olimpiada komandaları il ərzində bir neçə dəfə təşkil olunan milli düşərgələrdə sınaqlardan keçirilir. ABŞ-da isə istedadlı şagirdlər üçün xüsusi elmi düşərgələr, mentorluq proqramları, onlayn kurslar və universitetlərlə əlaqəli fəaliyyətlər qurulub. Bu ölkələrin ümumi strategiyası ondan ibarətdir ki, istedad yalnız fərdi keyfiyyət deyil, sistemli şəkildə inkişaf etdirilməli bir resursdur. Azərbaycan isə bu yanaşmadan tamamilə uzaqdır. Burada istedadlı uşaq varsa belə, sistem onu tanımır, hazırlamır və inkişaf etdirmir”.

Kamran Əsədov məsələnin müsbət tərəfindən söz açarkən deyib ki, ölkə bu cür nəticələrlə daha çox ictimai tənqidə məruz qalır və bu, dəyişiklik üçün təzyiq mexanizminə çevrilə bilər: “Bu, bəlkə də yaxın illərdə struktur dəyişiklikləri üçün zəmin yarada bilər. Amma təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə marifləndirmə işi aparır, nə də ictimaiyyəti məlumatlandırır. Nazirlik sadəcə tədbir keçirir, sertifikat təqdim edir, sosial şəbəkələrdə “uğurlarımız” barədə şəkil paylaşmaqla öz fəaliyyətini bitmiş hesab edir. Lakin olimpiada nəticələri real vəziyyəti açıq şəkildə göstərdi: sistem yoxdur, proqram yoxdur, plan yoxdur. Daha da acınacaqlısı isə budur ki, bu uğursuzluqların səbəbləri araşdırılmır, məsuliyyət daşıyanlar cəzalandırılmır, heç bir hesabat təqdim olunmur. Sadəcə növbəti il üçün yeni bir büdcə maddəsi yazılır və proses eynilə davam edir.

Ölkədə müəllimlik peşəsinin nüfuzu son 5 ildə planlı şəkildə zədələnib. Müəllimləri cəmiyyətin gözündən salmaq üçün mediada manipulyativ çıxışlar edilir, statistikalar şişirdilərək müəllimlər “bilik yoxsulu” kimi təqdim olunur. Belə yanaşma nə pedaqoji keyfiyyətin artmasına səbəb olur, nə də motivasiya yaradır. Üstəlik, bu sistemdə müəllimləri idarə edən şəxslərin əksəriyyəti pedaqoji fəaliyyətlə heç vaxt məşğul olmayıb. İllərlə məktəb sinfi görməmiş şəxslər bu gün məktəblərin fəaliyyətini “qiymətləndirir”, təlim proqramları hazırlayır, müəllimləri sertifikasiyaya çağırır, təhsil strategiyası yazır. Bu qərarverici boşluq olimpiada sahəsində də özünü büruzə verir. Peşəkar pedaqoqların deyil, texniki və inzibati şəxslərin nəzarət etdiyi bir sistemdən beynəlxalq uğur gözləmək illüziya olar.

Nəticə dəyişməyəcək, əgər yanaşma dəyişməzsə. Olimpiada nəticələri sadəcə reytinq deyil, gələcəyin elmi potensialının göstəricisidir. Əgər Azərbaycan bu göstəricidə bu qədər geridədirsə, deməli, gələcəyin alimləri, mühəndisləri, riyaziyyatçıları bu sistemdən çıxmayacaq. Bu isə yalnız təhsilin yox, bütöv ölkənin gələcəyinin təhlükəyə düşməsi deməkdir. Təhsil sahəsində şəffaf, meritokratik və peşəkar idarəetmə qurulmadan nə olimpiada uğuru olacaq, nə də real inkişaf. İstedadlı uşaqların ünvanına çatmayan resurslar, “qurum yaratmaq xatirinə qurulan” mərkəzlər, vəsaitin “məqsədli xərclənməsi” adı altında silinməsi dayandırılmayana qədər bu sahədə ciddi irəliləyiş gözlənilə bilməz”.