BU NAZİRLİYİN UCBATINDAN… – NATİQ CƏFƏRLİDƏN TƏNQİDLƏR

BU NAZİRLİYİN UCBATINDAN… – NATİQ CƏFƏRLİDƏN TƏNQİDLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumətin iqtisadi komandası kələfin ucunu itirib, atdığı addımlar məmləkətin zatən problemlərlə dolu olan iqtisadi mənzərəsini daha da pisləşdirir – nəticədə Azərbaycan MDB ölkələri arasında ÜDM-i ən az, cəmi 0,5% artan ölkədir. Maaş və təqaüd, əhalinin nominal deyil də, real gəlirlərinin artım tempinə görə də ölkəmiz MDB-də ən pis göstəricilərdən birinə malikdir.

Tribunainfo.az yazır ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, iqtisadi komanda fürsətləri daraltmaq, vergi-rüsum yükünü artırmaq yolu ilə büdcəni doldurmağa çalışır ki, bu da səhv və mənasız yoldur.
Ekspert bildirib ki, iqtisadi aktivliyi artırmaqla daha çox vergi ödəyicisi qazanıb, onların sayının çoxalması ilə büdcəyə daxilolmaları artırmaq mümkündür:

“İqtisadi komanda indi hətta vətəndaşların hüquqlarını belə məhdudlaşdırmağa çalışır – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə deyib ki, Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs təsis edə bilməyəcək. Bu nə absurd bəyanatdır axı – nə deməkdir, riskli vergi ödəyicisi, bunu kim müəyyən edəcək, bu hüquqi şəxslərə aiddir, ya fiziki?!
İstənilən şəxs biznesin hansısa növündə uğursuz ola bilər, bu onun həyatının üzərindən xətt çəkə bilməz axı, əksinə, yeni şans qazanmalıdır ki, əvvəlki səhvlərini düzəltsin, yeni qazanc fürsətləri əldə etsin. İndi hökumətin iqtisadi komandası insanların şansını belə əlindən alır – zatən ölkədə sərbəst rəqabət, iqtisadi azadlıqlar əlimizdən alınıb”.

N.Cəfərli bildirib ki, dünyada kimlərsə bankrot, riskli vergi ödəyicisi olub, amma sonradan şanslar qazanıb dünyaca məşhur biznes strukturlarına sahib olublar:

“Buna “The Walt Disney Company” (Walt Disney) və onlarla, yüzlərlə misalları aid etmək olar. Bunlar isə izah etmədən, əsaslandırmadan gündə bir səhv qərar, təklif verirlər, bundan bütün iqtisadiyyat, əhali ziyan görür, sonra bəzilərini elə özləri ləğv edirlər, amma bu mənasız qərarlara görə məsuliyyət daşıyan, cavab verən olmur”.