Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizəd Əzizov Əzizxanın müraciətinə baxılıb.
Tribunainfo.az xəbər verir ki, MSK üzvü Bəxşeyiş Əsgərov deyib ki, bu dairədə bir sıra seçki məntəqələrində qanun pozuntuları olub.
Bəxşeyiş Əsgərov bildirib ki, namizəd seçki günü müşahidəçilərinə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların nüsxəsi istənilsə də, təqdim edilmədiyini və s. bu kimi problemləri qeyd edərək dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsini istəyib: “Dairə seçki komissiyası qərarında qanun pozuntularının olmadığını əsas gətirərək müraciəti təmin etməyib. Biz isə təkrarən müraciəti araşdırmışıq. Həmin dairədən daha 2 namizəddən də pozuntularla bağlı izahat almışıq. Səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsindən yayımlanmış görüntülərə də baxılıb. Müəyyən edilib ki, seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla mübahisələndirilən digər seçki məntəqələrində seçicilərin iradəsinə mane olan hallara rast gəlinməyib. Təklif edirəm ki, müəyyən edilmiş qanun pozuntularına görə qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilsin”.
Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, səsvermənin nəticələri üzrə etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 2, ümumi seçki məntəqələrinin sayı 53-dür. Buna görə 78 saylı seçki dairəsi üzrə bütün nəticələrin ləğv edilməsi üçün hüquqi əsas yaranmır.
Təklif olunub ki, buna görə də müracətçinin müraciəti qismən təmin edilsin, 78 saylı seçki dairəsindən 29 və 32 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunsun.
Təklif səsə qoyularaq qəbul edilib.