Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən (ETN) A verilən məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.
Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.
İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:
– Heydər Əliyev adına lisey;
– T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
– 132-134 nömrəli təhsil kompleksi;
– T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
– İlyas Əfəndiyev adına Elitar gimnaziya;
– İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;
– Zəngi liseyi;
– Bakı Avropa liseyi;
– “Ankara məktəbi” məktəb-lisey;
– Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
– Bülbül adına orta ixtisas musiqi məktəbi;
– Humanitar fənlər təmayüllü məktəb-lisey.