Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 322 nömrəli orta məktəbdən gedir.
Tribunainfo.az bildirir ki, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.
Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ilk növbədə qeyd edim ki, Azərbaycanda son hadisələrdə artıq 4 məktəblinin adam bıçaqlaması və nəticədə ölüm hallarının baş verməsi bu məsələnin nə qədər ciddiləşdiyini göstərir.
Ekspertin sözlərinə görə, gənclər arasında aqressiyanın yüksəlməsinin səbəbləri müxtəlif ola bilər və bu məsələnin kök səbəblərini araşdırmaq zəruridir.
Ailə daxilində zorakılıq, valideynlərin diqqətsizliyi və ya maliyyə çətinlikləri uşaqların məktəbdə aqressiv davranmasına gətirib çıxara bilər. Bu cür mühitdə böyüyən uşaqlar öz emosiyalarını nəzarətdə saxlaya bilməyərək, məktəbdə həmyaşıdlarına və ya digər şəxslərə qarşı zorakılıq göstərməyə meylli olurlar.
“Digər tərəfdən, məktəblərdə şagirdlər arasında münasibətlərin düzgün idarə edilməməsi də aqressivlikləri artıra bilər.
Psixoloji dəstəyin kifayət qədər olmamasını da göstərmək olar. Şagirdlərin emosional və psixoloji vəziyyətinə nəzarət etmək, onları dəstəkləmək üçün məktəblərdə psixoloqların rolu böyükdür. Lakin bir çox hallarda bu sahədə yetərli resurs və kadr çatışmazlığı ilə üzləşirik.
Texnologiyanın sürətli inkişafı ilə əlaqədar şagirdlərin sosial mediada vaxt keçirməsi də aqressiv davranışların artmasına səbəb olan faktorlardandır. Onlar bu cür davranışları real həyatda tətbiq etməyə meylli olurlar. Bu baxımdan, valideynlərin və məktəblərin şagirdlərin internet istifadəsinə daha diqqətlə yanaşması vacibdir.
Məktəblərin özündə isə təhlükəsizlik tədbirləri daha gücləndirilməlidir. Məsələn, məktəblərdə giriş-çıxışlara nəzarət edən mühafizə sistemlərinin daha effektiv şəkildə qurulması, kamera nəzarətinin artırılması və məktəblərin təlimatlandırılması şagirdlərin təhlükəsizliyinin təmin olunmasına kömək edə bilər”.
Dəniz Pənahova