Eyyub Hüseynov: “Lakin bu zaman kassa çekinin təqdim edilməsi zəruridir”
Ölkəmizdəki bir sıra market və dükanlarda, mağaza və apteklərdə “alınan mallar geri qaytarılmır və dəyişdirilmir”, yaxud “alınan mallar geri qaytarılmır, dəyişdirilir” kimi elanlar mövcuddur. Maraqlıdır, istehlakçılara bu cür münasibət qanuni baxımdan nə dərəcədə doğrudur? Həqiqətənmi istehlakçı narazı qaldığı məhsulu geri qaytarıb ona verdiyi pulu geri ala bilməz?
Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bu məsələnin qanunla tənzimləndiyinə diqqət çəkdi:
“İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunda qeyd olunur ki, əgər məhsulun zavod deffekti olarsa, o zaman istehlakçı məhsulu qaytarıb 100% həcmində həmin məhsulun pulunu ala bilər. Və yaxud onu digər məhsulla dəyişdirə bilər.
Məhsulun ölçüsü, görünüşü xoşuna gəlmirsə, belə halda məhsulu dəyişə bilər. Dəyişməyə məhsul yoxdursa, o zaman həmin məhsulun pulunu ala bilər. İstehlakçı bütün bunları 14 gün müddətində edə bilər və bu zaman kassa çekinin olması zəruridir”.