Yaponiyanın iki sənaye nəhəngi Toyota və Mitsubishi öz işçilərinə Çində yerləşən bir firma tərəfindən hazırlanmış süni intellekt modeli DeepSeek-dən istifadə etməyi qadağan edib.
Tribunainfo.az Gazeteduvar-a istinadən xəbər verir ki, Toyota və Mitsubishi şirkətlərinin rəsmiləri məsələ ilə bağlı açıqlama veriblər.
Toyota rəsmisi DeepSeek qadağası ilə bağlı “İnformasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlarımız var” deyib. Mitsubishi isə işçilərinə DeepSeek-dən “işgüzar məqsədlər üçün” istifadə etməyi qadağan etdiyini qeyd edib.
Digər tərəfdən, Yaponiya telekommunikasiya şirkəti SoftBank-ın da işçilərinə şirkətə məxsus cihazlarda DeepSeek-dən istifadə etməyi qadağan etdiyi bildirilib. Bir çox yapon şirkətlərinin yalnız ABŞ-da hazırlanmış süni intellekt alətlərindən istifadə etdiyi vurğulanıb.
Qeyd edək ki, qısa zamanda dünyada geniş istifadə olunan süni intellekt modeli ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.
DeepSeek ilk dəfə İtaliyada bloklanıb və tətbiq sonradan Tayvandan Hollandiyaya qədər bir sıra ölkələrdə və bölgələrdə qadağalarla üzləşib.
Dəniz