Dağıstanda hakim olan sələfi təriqətinin nümayəndələri guya Mahaçkalaya enən İsraildən gələn təyyarəyə etiraz olaraq toplaşmışdılar. Əslində isə hadisənin motivi başqadır. Rusiya bu informasiyanı qəsdən buraxıb. Bu informasiyadan sonra əraziyə 500-dən artıq etirazçı toplaşdı. Bu Rusiyanın məqsədyönlü şəkildə planladığı bir hadisədir. Rusiyanın təhlükəsizlik qüvvələri xüsusilə Çeçenistan və Dağıstanda çox aktiv işləyir. Ancaq aksiya zamanı polis müdaxiləsi yox idi. Aksiyanın keçirilməsinə icazə verdilər. Hadisəyə sonradan müdaxiə etməyə başladılar.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, hadisələrdə yüzlərlə insan saxlanılıb və saxlanılanlar arasında səfərbərlikdən yayınan, müharibəyə çağırılıb, ancaq getməyənlər də var. Rusiya bununla faktiki olaraq aksiyada iştirak edənlərin kimliyini müəyyənləşdirdi və həmin şəxslər məcburi müharibəyə cəlb edəcək:
“Hesab edirəm ki, bu bir aksiya, etiraz, hərəkat deyildi. Bu, Kremlin oynadığı bir oyun idi. Bununla da prosesdən kənarda qalan dağıstanlılar, Ukraynayla müharibəyə getməyən insanlar müəyyən edildi.
Hadisələrin Çeçenistanda da təkrarlanacağını düşünmürəm. Düzdür, orada da sələfi təriqətinin üzvləri olduqca aktiv və güclüdür. Bənzər aksiyaların orada da keçirilmə ehtimalı ola bilər. Ancaq nəzərə almalıyıq ki, orada Kadırovun sözü keçir və o da Putinin sadiq kadrıdır. On agörə də prosesin Çeçenistanda da bu şəkildə böyüyəcəyini düşünmürəm”.