“Bu il Zəfər Günü bir başqa olacaq, çünki bütün Qarabağ azaddır” – DEPUTAT MƏŞHUR MƏMMƏDOVbackend

“Bu il Zəfər Günü bir başqa olacaq, çünki bütün Qarabağ azaddır” – DEPUTAT MƏŞHUR MƏMMƏDOV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Zəfər Günü bir başqa bayram olacaq, daha da fərqlənəcək. Çünki bu il Zəfər Gününü bütün Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi ilə keçirəcəyik.
Artıq Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və xunta rejiminin işğalında olmuş digər ərazilər azaddır, üçrəngli bayrağımız Xankəndidə dalğalanır və separatizmin bütün tör-töküntüləri, atributları ləğv edilib.
Buna görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza, xalqımıza və dövlətimizə sonsuz təşəkkür edirik”.
Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. Deputatın sözlərinə görə, o gün bu gündür və xalqımız Zəfər Gününü bütün Qarabağın azad edilməsi ilə keçirir:
“Üç il əvvəl kimlərsə ağız büzürdü, separatizmin məhv ediləcəyinə inanmırdı, elə bilirdilər ki, ərazilərimizdə bu quldur dəstələri həmişə “at oynada” biləcəklər.
Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Ordumuzun gücü qanunsuz bir rejimin sonunu gətirdi. Hazırda separatçı liderlər həbsdədir, mühakimə olunacaqlar, qanunsuz hərbi birləşmələr çıxarılıb, bölgə murdarlardan, terrorçulardan təmizlənib.
Bundan sonra Xankəndiyə və digər bölgələrə qayıdış olacaq, xalqımız sülh, əmin-amanlıq və sabitlik içində öz yurd-yuvasında yaşayacaqlar”.
Məşhur Məmmədov hesab edir ki, ona görə də 8 noyabr Zəfər Günü əvvəlki illərdən fərqli olaraq, bu il bütün Qarabağda qeyd ediləcək: “Bu münaqişə bitdi, Qarabağ mövzusu bağlanıb, qarşıda sülh müqaviləsinin imzalanması, Böyük Qayıdışın sürətlənməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi planları var. Qarabağda heç zaman erməni separatizminə yer olmayacaq. Onların mifik “artsax” arzuları 19 sentyabrda dəfn olundu. İndisə bölgədə sülh dövrü başlayır. Ermənistanda olan qüvvələr, revanşistlər anladılar ki, bir də baş qaldırsalar, daha betər cəzasını alacaqlar. Cənab Prezident dəfələrlə onlara bu barədə xəbərdarlıq etmişdi, revanşistlərə mesajlar vermişdi, amma təxribatları davam etdirdilər, nəticədə Ordumuz antiterror tədbirləri ilə bir sutka ərzində separatizmin kökünü kəsdi”.