Xəbər verdiyimiz kimi, Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü Emin Oruczadə polis tərəfindən saxlanılıb və barəsində araşdırma aparılır.
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan, təqsirləndirilən şəxsin sinif yoldaşı Günay Hüseynova onunla bağlı xatirələrini bölüşüb və səsləndirilən iddialara münasibət bildirib:
“Emin Oruczadə ilə bağlı xəbərləri oxudum. Azyaşlı qıza qarşı qeyri-etik hərəkətlər etdiyi iddia olunur. Emin mənim sinif yoldaşım olub. Bakı şəhəri-Laçın rayonu, 6 nömrəli orta məktəbdə paralel siniflərdə oxumuşuq.
15 ildir məzun olsaq da, həmişə əlaqə saxlayıb, insanlarla münasibətini kəsməyib. O qədər tərbiyəli, mədəni, mərifətli, qanacaqlı və zəhmətkeş oğlandır ki, bu iddialara inanmaq çox çətindir”.
Günay Hüseynovanın sözlərinə görə, Emin Oruczadə çətin həyat şəraitində böyüsə də, həmişə ailəsinə və ətrafına qarşı məsuliyyətli davranıb:
“Anası, rəhmətlik Firuzə müəllimə məktəbdə “zavuç” işləyirdi. Çox yaxşı qadın idi. Biz 10-cu sinifdə oxuyanda beyin qanaxmasından qəfil dünyasını dəyişdi. Atasını qiyabi tanısam da, o da çox halal adam olub. Təxminən 1-2 il əvvəl olar ki, vəfat edib. Emin atası ilə birlikdə ailənin yükünü çəkirdi. İşini müvəqqəti itirdiyi üçün taksi sürücülüyü edirdi”.
Sinif yoldaşı onunla bağlı yayılan ittihamların şantaj ola biləcəyini istisna etmir:
“Əxlaqsız hərəkətlər edən biri deyil, əsla. Mən bunun şantaj olduğunu düşünürəm. Qardaşı və yaxınlarının dediyinə görə, bəzi azyaşlı qızlar taksiyə minib sürücü ilə fərqli tərzdə danışır, səs yazısını qeyd edir, sonra da pul tələb edirlər. Verməyəndə isə şikayət edirlər. Mən əminəm ki, Azərbaycan polisi həqiqəti üzə çıxaracaq. Bir gəncin ömrü günahsız yerə həbsdə keçməsin”.
Məsuliyyətə cəlb edilən Emin Oruczadənin qardaşı da hadisəyə etirazını bildirib:
Qeyd edək ki, hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir sıra taksi sürücüləri həmkarlarına dəstək nümayiş etdirərək, aidiyyəti qurumların obyektiv araşdırma aparılmasına çağırış ediblər.
Günay Hüseynova