BU GÜN ÜMUMDÜNYA QAN DONORU GÜNÜDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 iyun tarixi Ümumdünya qan donoru günü kimi qeyd olunur. 

14 iyun tarixi Ümumdünya qan donoru günü kimi qeyd olunur.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Səfayə Məmmədova TİA.AZ-a bildirdi ki, bu münasibətlə bu gün Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda konfrans keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin nümayəndələri, mətbuat nümayəndələri, Hematologiya və Transfuziologiya İnstitutunun rəhbərliyi, Respublika Qan Bankının rəhbərliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmiləri və bir necə könüllü donor iştirak edirdi. Tədbirdə çıxış edən institutun direktoru Z. Alməmmədova bildirdi ki, bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi qərarı verilib. Bu gün həm də öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günüdür. Bu ilki kampaniyanın əsas mövzusu fövqəladə hallar zamanı qan donorluğu olmuşdur. İstənilən krizis və fövqəladə hallar zamanı hər bir insanın ilk özünə verdiyi sual belə olur: “Mən nə edə bilərəm? Mən necə kömək edə bilərəm?”. 

Buna görə də 2017-ci ildə şuar kimi bu sual seçilmişdir: “Siz nə ilə kömək edə bilərsiz?” əlavə şuar isə belə səslənir: “Qan verin. Qanı indi verin. Qanı tez-tez verin”. Kampaniya fövqəladə hallar zamanı hər bir ayrılıqda götürülmüş şəxsin qan verməklə başqalarına yardım etməkdə göstərdiyi rolu bir daha önə çəkir, dəyərləndirir. Kampaniya eləcə də hər hansı fövqəladə hallar baş verdiyi zaman lazım olan donor qanı ehtiyatını formalaşdırmaq üçün müntəzəm qan vermənin nə qədər vacib olduğuna diqqəti cəlb etmək məqsədini daşıyır. Qan və onun kamponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. İnsan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur və bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır (zədələnmə, xəstəlik hallarında). Əgər bu ehtiyat olmazsa, o zaman insanın öz həyatını itirməsi qaçılmazdır. Bu baxımdan, donorun özünün 400 milliqram qanı ilə tam bir həyat xilas etməsi barədə deyim tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallar ilə üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qaz mübadiləsini təmin edir. Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hemotoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı heç bir başqa preparat ilə əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar. Kifayət qədər təhlükəsiz qan ehtiyatlarının təmin edilməsinin əsas yolu könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. Müntəzəm könüllü donor aksiyaları qanın ən təhlükəsiz mənbəyidir. Belə ki, pul müqabilində qan verən şəxslər ilə müqayisədə bu cür donorlar arasında qan vasitəsilə keçən xəstəliklərin və infeksiyaların qeydə alınması halları daha aşağıdır. 

Qan və onun komponentlərinin donorluğu problemi ölkəmiz üçün əhəmiyyətli və milli səhiyyə sistemimiz üçün vacib məsələlərdən biri hesab olunur. Hazırda, tibbin elə bir sahəsini tapmaq çətindir ki, orada insan sağlamlığının və həyatının xilas olunması üçün qan komponentlərinin köçürülməsindən istifadə edilməsin. Sülh dövründə və fövqəladə hallarda yüksək texnoloji tibbi yardımın göstərilməsi imkanları və xidmətlərin keyfiyyəti məhz sözügedən problemin həllindən asılıdır. 2017-ci ildə ümumdünya donor gününə həsr olunmuş tədbirlərin əsas məqsədləri aşağıdakılardır:

1-Öz ətrafında olan bütün insanları fövqəladə hallar zamanı qan donorluğu vasitəsilə səhiyyə xidmətlərinin hazırlığını möhkəmlətməyə yardım etməyə cağırmaq

2- Fövqəladə hallar zamanı donor qanına artan təlabata operativ reaksiya vermək imkanına malik olan effektiv milli qan donorluğu proqramlarının yaradılmasına milli hakimiyyəti stimullaşdırmaq

3- Fövqəladə hallar və fövqəladə tədbirlərə hazırlığı təmin etmək üzrə keçirilən milli tədbirlər toplusuna qan xidmətinin daxil edilməsini tədbiq etmək

4- Donor qanı ehtiyatlarının lazımi səviyyəsini saxlamaq və ölkələrin donor qanı ilə özünü təmin etməsinə nail olmasının təmin etmək üçün il boyu stabil donorluğun vacibliyini geniş ictimaiyyətə çatdırmaq

5- Müntəzəm qan verən insanlara minnətdarlıq və lazımi hörmətin göstəriliməsi gənclərin qan donoru olması üçün həvəsləndirilməsi

6- Beynəlxalq həmrəyliyə dəstək vermək, könüllü və təmənnasız donorluq prinsipinə münasibətdə qlobal konsensusu təmin etmək və bunun donor qanın paralel şəkildə təhlükəsizliyi və əlyetənliyinin təmin olunması ilə birgə hər yerdə istifadəsinə nail olmaq.

Son zamanlar ölkəmizin qan xidmətində böyük dəyişikliklər baş vermişdir. 2005-ci ilin may ayında Respublikamızın Prezidenti Milli Məclis tərəfindən qəbul edilmiş “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası qanunu imzalamışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair” (2006-2010-cu illər) dövlət proqramı təsdiq edilmişdir. Hazırda 2016-2020-ci illəri əhatə edən 3-cü dövlət proqramı yerinə yetirilir. Dövlət proqramları çərçivəsində qan xidməti müəssisələrinin lazımi avadanlıqlarla, qan tədarükü üçün konteynerlərlə, qan testlərinin aparılmasına lazım olan reaktivlərlə təmin edilməsi məsələləri həll edilmişdir, qan xidməti şəbəkəsi və onun fəaliyyəti modernləşdirilmiş və optimallaşdırılmışdır. Nəticədə donorların sayı 4 dəfə artmışdır. Xüsusilə, qeyd etmək lazımdır ki, bütün bu donorlar könüllü və təmənnasız olmuşdur. Heydər Əliyev Fondunun çağırışlarına əsasən könüllü qan vermə aksiyaları təkcə Bakı şəhərində deyil, respublika bölgələrinin müəssisə və təşkilatlarında təşkil edilir. Fövqəladə vəziyyətlərdə zərəçəkənlkərin qan məhsulları ilə təmin edilməsi üçün lazım olan ehtiyatlar toplanmışdır. Ehtiyacı olan bütün xəstələri və fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan komponentləri ilə təmin edilməsi üçün daha çox sayda vətandaşların donorlar sırasına cəlb edilməsi istiqamətində işlərin davam etdirilməsi vacibdir. Son illərdə televiziyada, radioda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə aparılan maarifləndirmə və təbliğat nəticəsində insanların donorluğa göstərdiyi rəğbət artmaqdadır. Bunun nəticəsi olaraq daha çox insan donorluq edir, qan tədarükü və yardım olunan xəstələrin sayı çoxalır. Beynəlxalq donorlar günündə təşkil edilən tədbirlər bütün dünyada pasiyentlər üçün daha təhlükəsiz hesab edilən əvəzsiz donorluq fəaliyyətinin təbliğinə istiqamətlənmişdir. Heç şübhəsiz ki, həmin gün özünə və insanlara ən yaxşı hədiyyə qanın verilməsi ola bilər. Ola bilsin ki, sizin qanınız kiminsə həyatını xilas edəcək, digər biri isə məhz sizin sayənizdə bu dünyada müəyyən müddətdə olsa qala biləcəkdir. Bütün bu tədbirlər azalmayan qan komponenti ehtiyatının toplanmasına və təmin edilməsinə gətirib çıxarmışdır. Donorlar ilə bütün ölkə fəxr edir. Çünki onlar digər insanlara ən dəyərli, heç bir texnologiya ilə əldə edilməyən, satın alına və əvəz oluna bilməyən nemət – öz qanını verirlər. Təsadüfü deyildir ki, onların adları olan donor sözü qədim latın dilindən tərcümədə “donore” yəni, “bəxş etmək” deməkdir. Çox zaman onların hədiyyəsi digər insanın həyatını xilas edir. Dövlətimizin, səhiyyəmizin qan xidmətinin inkişafı və təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində son illərdə qan xidmətinin əsas göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Respublika üzrə 2010-cu ildə qan verən donorların sayı 46530 nəfər olmuşdursa, 2016-cı ildə bu rəqəm 85 803 nəfər təşkil edir. Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 40 ton 327 litrə qədər yüksəlmişdir.

İlahə