Bu gün ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Araz Elsevər oğlu Seyfullayevin anım günüdür.
O, 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2007-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2018-ci ildə həmin məktəbi bitirib. 2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Göytəpə şəhərinin, “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
Azərbaycan Ordusunun əsgəri Araz Elsevər oğlu Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.