BU GÜN GÖVHƏR HƏSƏNZADƏNİN DOĞUM GÜNÜDÜRbackend

BU GÜN GÖVHƏR HƏSƏNZADƏNİN DOĞUM GÜNÜDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ürəyi musiqi ilə döyünən Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, rejissor, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azad Azərbaycan Televiziyasının Şura üzvü, Müəllif Hüquqları Uğurunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsənzadə doğum gününü qeyd edir.

Tribunainfo.az xəbər verir ki, 1969-cu ilin bu günü Bakıda dünyaya gələn bəstəkar məktəb və universitet illərini də bu şəhərdə yaşayıb. Gövhər Həsənzadə ixtisasca rejissordur. Ancaq o elə təhsil aldığı illərdən mahnılar bəstələməyə maraq göstərib. Gövhər xanım Şəhriyar adına Mədəniyyət Mərkəzinin müdiri vəzifəsində işləyib.

Uzun illərdir bəstəkar kimi fəaliyyət göstərən Gövhər xanım yaradıcılığında bir çox hitlərə imza atıb. Bəstəkarın mahnıları xalq artistlər Flora Kərimova, İlhamə Quliyeva, Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artist Almaz Ələsgərova, Azərbaycanın digər populyar müğənniləri Elnur Məmmədov, İradə İbrahimova, Natəvan Həbibi, Elnarə Xəlilova, Xəyyam Nisanov, Nadir Qafarzadə, Ayaz Qasımov və bir çoxlarının ifasında səslənib və dinləyici zövqü oxşayıb.

Qeyd edək ki, bir çox müğənnilərimiz məhz Gövhər xanımın mahnıları ilə sənətə vəsiqə qazanıb və tanınıblar.

Bəstəkar xanımın yaradıcılığı ölkəmizin hüdudlarından kənarda-Türkiyədə də öz əksini tapıb. Qardaş ölkənin məşhur müğənniləri Zərrin Özər, Pınar Aylin, Bengü, Ayla Işıl, Mustafa Ceceli, Nilufer, İn-Grid, MİŞA, “Stodio-A”, Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, SENEM
və başqaları öz repertuarlarına Gövhər Həsənzadə bəstələrini sevə-sevə daxil ediblər.

Gövhər xanımı bəstələrinə görə təkcə Azərbaycan tamaşaçı sevmir. Onun altına böyük hərflərlə imzasını atdığı 2008-ci ildə “Evrovision” mahnı yarışmasında Elnur Hüseynovla Samir Cavadzadənin birlikdə səsləndirdiyi “Day after day” mahnısı dillər əzbərinə çevrildi. Dünyaca məşhurlaşan mahnı bəstəkar xanımın vizit kartına çevrildi.

O həmçinin 200-ə yaxın sevilən mahnılarla yanaşı Azərbaycan Respublikası Gənclərinin Himni (1996), “Olimpiyada yolları” himni (1996), “Biz varıq”(BMT Azərbaycan nümayəndəliyi) himni, “Sən qalib gələcəksən” (2008), “Sən Azərbaycanlısan”(2013) kimi layihələrin müəllifidir.

Sevilən xanım bəstəkarımız Gövhər Həsənzadəni biz də doğum günü münasibətilə təbrik edir, ona uzun mənalı həyat, yaradıcılığında yeni uğurlar diləyirik. Bəstələri dünya durduqca dillər əzbəri olsun!