BU GÜN ÇİLLƏ BAYRAMI QEYD EDİLİR…

BU GÜN ÇİLLƏ BAYRAMI QEYD EDİLİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 20-dən 21-nə keçən gecə qış fəslinin ilk günü olan ilk çillənin başlandığı gün, yəni Böyük çillə gecəsi bir çox rayonlarda xüsusilə təmtəraqla qeyd edilir. Bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülür. Azuqələr, meyvələr, çərəzlər, meyvə şirələri zirzəmilərdən, saxlanclardan çıxarılar, təmizlənib hazırlanar.

Tribunainfo.az xəbər verir ki, bu barədə geniş məlumatı folklorşünas Elyar İslamoğlu paylaşıb. Çillə bayramı ilə bağlı ətraflı yazan folklorşünas bildirib ki, qədim türklərin inanclarına görə bayramın əsas ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyirlə (Axura Mazda) ilə şər (Əhrimən) güclü mübarizə aparır. Həmin gün çoxlu qar yağarsa, sonrakı fəsillərdə məhsulun bol olacağını düşünərlər:

“Çillə axşamı qarpız kəsmək kimi dədə-baba adət-ənənəsinə bu gün də insanlar sadiq qalırlar. Çillə axşamı ailə üzvləri, qohum-əqraba bir yerə yığışar və ilin ən uzun gecəsini süfrəyə düzülmüş çoxlu meyvə, şirniyyat, quru meyvələr, çərəzlər, meyvə şirələri və əsasən də xəmirdən hazırlanmış xörəklərlə qeyd edirlər. Bu gecənin ən əhəmiyyətli atributlarından biri də qarpızdır. Hər bir ailə həmin gecə mütləq bir qarpız kəsməyə çalışar. Bu qarpızı isə hələ bir neçə ay əvvəldən, qarpız mövsümünün sonlarından xüsusilə çillə üçün saxlayırlar. Çillə qarpızı xüsusi növ qarpızdır, qabığı qalın olduğu üçün soyuğa davamlı olur və uzun müddət saxlamaq olur. Onu tayalarda samanın içərisində və ya zirzəmilərdə saxlayırlar. Çillə axşamı süfrəyə ən sonda qarpız gətirilir və ailənin ağsaqqalı, böyüyü tərəfindən kəsilərək dilimlənir və paylanılır. Əgər çillə üçün bir neçə qarpız saxlanılıbsa, onda onları kəsilib pay göndərilirdi. Bu ona görə belə edilirdi ki, ola bilsin qohum-əqrabadan, qonşulardan kiminsə çillə qarpızı almağa imkanı çatmasın. Bu adət həm də qohum-əqraba, qonşular arasında mehribanlığı, qohumluq bağlarının möhkəmliyini də göstərirdi”.

E.İslamoğlu bildirib ki, milli-mənəvi dəyərlərimizin, eləcə də xalqımızın qədim mərasimlərinin, bayramlarının, adət-ənənələrinin mühafizə edilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir. Çünki milli adət-ənənələr və qədim mərasimlər hər bir xalqın milli mənəviyyatının zənginliyindən, həmin xalqın tarixinin qədimliyindən xəbər verir.