1 sentyabr Hacı Zeynalabdin Tağıyevin anım günüdür
TİA.AZ bildirir ki, Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə başlarkən onun riskli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək pul töküb quyu qazdırır, lakin quyu neft vermirdi.
1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və əmələlər tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümüdlərini itirir – öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb (Azərbaycan tarixi muzeyi). Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı.
Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.
İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızına evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlməyə ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərmişdi. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk (indiki Mahaçqala) daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.
O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Hacı Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) düstaqxana üçün verir. Bu barədə digər bir rəvayət də var. Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, “düstaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin”. Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını düstaqxana üçün hökümətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırıb, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar.
“Mazut” şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə “Bakı-Batum” neft kəməri aksioner şirkətini yaradırlar.
O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamancını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsəfədə uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı.
Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə (10 ilə) tamamlamışdılar.
1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.
Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqlabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qazet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
Hacı Zeynalabdin Tağıyev axır illərində Mərdəkandakı bağ evində. Yanında qızlarından biri və onun övladları Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd “Dikaya diviziya”nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.
TİA.AZ