Bu günün hər il dünyada keçirilməsi ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.
Bu günün hər il dünyada keçirilməsi ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.
Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.
O vaxtdan etibarən martın 27-də (həmin gün “Millətlər teatrı” Ümumdünya Teatr Festivalının Paris mövsümünün təntənəli açılışı olmuşdu) bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edilir.
Teatr yunancadan tərcümədə “tamaşa yeri” “tamaşa etmək” sözündən götürülüb. Teatr incəsənətin bir növü olub, hiss, fikir və emosiyaların tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.
Azərbaycanın milli teatr tarixi tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır.
Öz dövrünün böyük maarifçisi Həsən bəy Zərdabi ideyanın müəllifi, dramaturq Nəcəf bəy Vəzirov isə tamaşanın rejissoru idi. Tamaşa xeyriyyəçi Cahangir Zeynalova məxsus binada nümayiş etdirilirdi. Sonradan Cahangir Zeynalov həmin binanı aktyorlara bağışlayıb. Elə həmin səhnədə ilk Azərbaycan operası, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»u səhnələşdirilib. Orkestrə yazıçı Əbdürrəhim bəy Haqverdiyev drijorluq etmişdi.
Statistikaya görə, bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Rəsmi məlumata görə, bu teatrlarda 1000 nəfərə yaxın aktyor çalışır. Hazırda Azərbaycanda 700-ədək aktyoru birləşdirən dövlət teatrı fəaliyyət göstərir.
Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu gün uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılıb və artıq istismara verilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.
Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir.
İlahə