Azərbaycanda ilk dəfə olaraq bu gündən Bakı Ticarət Festivalına (Şopinq Festivalı) start veriləcək.
Azərbaycanda ilk dəfə olaraq bu gündən Bakı Ticarət Festivalına (Şopinq Festivalı) start veriləcək.
Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan “Report”a verilən məlumata görə, Festivalın başlaması münasibətlə bu gün İçərişəhərdə şou-proqram keçiriləcək.
DJ İlham Əmirovun müşayiəti ilə başlanacaq şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilər çıxış edəcəklər.
Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının da alış-verişinə “tax free” sistemi tətbiq ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası”nı təsdiq edib. Bu qayda aprelin 8-də qüvvəyə minib.
Qaydaya əsasən, vergi ödəyicisi ƏDV-nin qaytarılması sistemi çərçivəsində satıcı qismində qeydiyyata alınaraq ticarət festivalının təşkilatçısı (ticarət festivallarının təşkilini, keçirilməsini və idarə olunmasını təmin edən hüquqi şəxs) ilə xidmət müqaviləsi bağladıqdan sonra 10 iş günü müddətində stikerlə təchiz edilir. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirdiyi təsərrüfat subyektinin (obyektinin) sayından, ölçüsündən və yerləşməsindən asılı olaraq stikerlə təchiz edilir. Stiker satıcıya təhvil verildikdə bu, müvafiq aktla rəsmiləşdirilir. Bu sənəddə aktın tərtib edildiyi yer, tarix, tərəflərin rekvizitləri, təqdim edilən stikerlərin sayı əks olunur, ticarət festivalının təşkilatçısının nümayəndəsi və satıcının, satıcı olmadıqda onun səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilir. Zədələnən stiker ticarət festivalının təşkilatçısına təhvil verilməlidir. Ticarət festivalının təşkilatçısı vergi orqanını və müvəkkil bankı bu qaydanın tələbinə uyğun olaraq stikerlə təchiz edir.
Satıcı aktın təsdiqləndiyi gün stikeri satışın həyata keçirildiyi təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi məqsədilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya təsərrüfat subyektinin (obyektinin) giriş hissəsində aydın şəkildə görünə bilən yerdə yerləşdirməlidir (yapışdırmalıdır). Stiker həmçinin alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilməlidir (yapışdırılmalıdır). Stiker zədələndikdə, oğurlandıqda və ya itirildikdə bu barədə dərhal ticarət festivalının təşkilatçısına məlumat verilməlidir. Satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə satıcı tərəfindən stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən çıxarılmalı və ticarət festivalının təşkilatçısına təhvil verilməlidir.
ƏDV qaytarılması sisteminə qoşulan obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.
ƏDV-ni 5 bankın – “Kapital Bank”, “PAŞA Bank”, “YapiKredi Bank Azerbaijan”, “Bank Silkway” və “Azərbaycan Sənaye Bankı”nın filiallarında geri almaq mümkün olacaq.
Qeyd edək ki, mayın 10-dək davam edəcək festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Növbəti festivalın bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulub.
İlahə