Bakıətrafı və Abşeron ərazilərində ucuz qiymətə satışa çıxarılan fərdi yaşayış evlərinin qiyməti ev arzusunda olanları cəlb edir. Ancaq beə yerlərdən ev alarkan diqqətli olmaq, bütün məqamlara nəzər yetirmək lazımdır. Ev ucuz olsa da, sonradan yaranan problemlər çəkilən xərci 2-3 dəfə artırır.
Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, belə əmlaklara maraq göstərən şəxslər mütləq mütəxəssis rəyi almalıdır:
“Xüsusilə Bakıətrafı ərazilərdə tikilən evlərin əkzəriyyəti bataqlıq və gölməçələrdən ibarət olan torpaqlarda inşa edilib. Sonradan bu ərazilər torpaqla doldurularaq üzərində yaşayış evləri tikilib. Bu cür hallarda zamanla torpaq çökə bilir ki, bu da evlərdə çatların yaranmasına və ciddi konstruktiv problemlərə gətirib çıxarır. Həmçinin bəzən işbazlar əkinə yararlı torpaqlarda evlər tikərək daha ucuz qiymətə satırlar. Bu da sonradan sənədləşmədə problem yaradır. Vətəndaş bilməlidir ki, əmlakın çıxarışı mütləqdir. Əgər çıxarış yoxdursa, həmin evin rəsmi qeydiyyatı və sonradan sənədləşdirilməsi əksər hallarda mümkün olmur. Ucuz olduğuna aldanan vətəndaş sənədlərə fikir vermədən evi alır. Ancaq sonradan evin özü, sənəd, torpaqla bağlı o qədər problemlər çıxır ki, vətəndaş ödədiyi puldan 2-3 qat artıq xərcə düşür”.
Gülşən Rəsul