Bu ərazilərdə skuterlərin hərəkəti məhdudlaşdırılacaq — AÇIQLAMA

Bu ərazilərdə skuterlərin hərəkəti məhdudlaşdırılacaq — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkəti məhdudlaşdırılacaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu məqsədlə skuter icarəsi üçün hazırlanan tətbiqlərdə yeni funksiya aktivləşdiriləcək. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, mikromobillik vasitələrindən olan skuterlər 1-5, bəzi ölkələrdə isə 8 km-ə qədər qısa məsafədə hərəkət etmək üçün nəzərdə tutulub:

“Skuterlərin hərəkəti üçün velozolaq təşkil olunub və zolaq daxilində 25 km/saat sürət həddi müəyyən edilib. Velozolaqların xaricində insanların daha sıx hərəkət etdiyi parklarda və digər yerlərdə sürət məhdudlaşdırılıb.

Hazırda “Bolt” tətbiqində artıq bəzi ərazilərdə sürət həddinin aşılmaması üçün bloklama funksiya tətbiq edilib. Əsas məsələ odur ki, fiziki olaraq şəhərdə mikromobillik vasitələri üçün şəbəkə formasında zolaqlar ayrılsın.

Hazırda Bakıda bu, müəyyən məhdud ərazini əhatə edir – “İstiqlaliyyət” küçəsi, “Azərbaycan”, “Bülbül” prospektləri, “Mirzəağa Əliyev” küçəsi, “Sahil” bağı ilə Hökumət Evi və “Üzeyir Hacıbəyov” küçəsi ilə“Puşkin” küçəsi boyu. Bu marşrut çox güman Bulvarla əlaqələndiriləcək. Skuterlər üçün zolaqlar bütün şəhəri əhatə etməlidir. Zolaqlara sərt nəzarət onun effektiv işləməyinə kömək edəcək.

O zaman qeyd edilən məhdudiyyətlər də daha sərt şəkildə tətbiq oluna bilər. İndiki halda skuterlər üçün tam şərait yoxdursa, fərqli məkanlarda onların hərəkətini müşahidə edə bilərik”.