Bu əməliyyatlar da İcbari Tibbi Sığorta Zərfinə daxil ediləcək – SİYAHI

Bu əməliyyatlar da İcbari Tibbi Sığorta Zərfinə daxil ediləcək – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-ci ildə  İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində 3 istiqamətdə dəyişikliyin aparılması planlaşdırılır.

Bu barədə Bİcbari Tibbi Sığorta  üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda İcbari Tibbi Sığortaya  daxil olacaq yeni cərrahi əməliyyatlar da qeyd olunub:

“Birinci istiqamətdə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır. Bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alacaq. Məqsəd isə tibbi xidmətlərin daha əlçatan olmasını təmin etməkdir.

İkinci istiqamətdə dəyişiklik xidmətlərin adlarının daha dəqiq və izahlı şəkildə yazılması ilə bağlı olacaq. Bu dəyişikliklər tibb heyətinin işini asanlaşdıracaq və vətəndaşların tibbi xidmətlər haqqında daha məlumatlı olmasını təmin edəcək.

Üçüncü istiqamətdə dəyişiklik bəzi tibbi xidmətlərdə istifadə edilən xüsusi tibbi sərfiyyatın tibbi xidmətə nəzərən nizamlanması ilə bağlı olacaq. Bura beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir”.

Hipertoniyadan əziyyət çəkənlər bu xidmətdən yararlana biləcəklər

“Eyni zamanda, hipertoniyadan əziyyət çəkən şəxslərə ambulator şəraitdə həkim resepti ilə təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır. Gələcək illərdə isə ambulator müalicə məqsədilə istifadə olunan digər dərman preparatlarının da mərhələli şəkildə sığorta təminatına daxil edilməsi nəzərdə tutulur”,-deyə açıqlamada bildirilib.

Həmçinin qeyd edilib ki, hazırda Xidmətlər Zərfində 3315 tibbi xidmət təminata alınıb. Ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək, sümük iliyi transplantasiyası kimi mürəkkəb və dəyəri yüksək tibbi xidmətlər sığorta hesabına qarşılanır. Məqsəd əhalinin sağlamlığına təsir edən xəstəliklərin vaxtında aşkarlanması və müalicəsidir.