Bu gün sosial medianın Azərbaycan seqmentini aramızdan gedən jurnalist Səbuhi Məmmədli haqda postlar bürümüşdü. Həmkarların onun vəfat etməsinə üzüntülərini bölüşməklə yanaşı, onunla olan xatirələrini də yazıblar.
Tribunainfo.az bəzilərini təqdim edir:
CBC Sport şərhçisi Elnur Məmmədli – BÖYÜK jurnalist, ən maraqlı reportajların müəllifi Səbuhi Məmmədlini itirdik. Səbuhi futbolu dəlicəsinə sevən, ara-sıra futboldan da yazan həmkarlarımızdan idi. Sözsüz ki, Azərbaycan mətbuatı bir az da zəiflədi.
“Yeni Müsavat”ın direktoru Ələsgər Süleymanov -Bu dünyada özünə rahatlıq tapmadın, Allah o biri dünyanı versin, Subxi!
Subxi adı ilə onu ilk mən çağırmışam. Xoşuna gəlmişdi. O də mənə Subxi deyirdi. Deyirdim sənin adın Səbuhidi, mən elə deyirəm sən niyə mənə Subxi deyirsən? Deyirdi bəs nə deyim? Uşaq kimi idi. Görüşəndə, zəngləşəndə də ilk cümləmiz bu olurdu: Səni yaşatmazlar Subxii!
Yaşatmadılar.
Təəssüf!”
Qaynarinfo-nun yazarı Azər Rəşidoğlu – Lənətlənmiş dairədə idilər. İbrahim Bayandurlu içməkdən getdi. Namiq İbrahimov da. Nicat Səmədoğlu da. Zabil də. Qadir də. Səbuhi də. Hamısı intihar elədi. Bu ölkədə istedadlı adamın jurnalist olması faciədir…”
Pressklub TV aparıcısı Elçin Rüstəmli – Həmkarların vaxtsız ölümlərindən xəbər düzəldib, sosial məkanda yas tuta-tuta gedirik.
Vaxt gələcək, nə tanıyıb xəbər düzəldən jurnalist qalacaq, nə də yas tutmağa yer. O tərəf getmək üçün əslində “qızıl dövrdü”…
Yazar Kəramət Böyükçöl – Elə adamlar var ki, onun ölümündə sən həm də öz ölümünü görə bilirsən.
Dostlarımızın Səbuhi haqqında yazısını oxuya-oxuya düşündüm ki, biz öləndə də belə olacaq.
Adam yaşadıqca başı aşağı əyilir, beli bir az arxaya gedir, axırda da əyilmiş başının və belinin atında bir nöqtə qoyulur.
Bu dünyadan yekə bir sual işarəsi kimi gedirsən.
Yaşamaq alınmayan bir ömrə verilmiş niyə sualına cavab tapmaq qədər həm asan, həm də çətindi.
Səbuhidən ötrü ağlamaq istədim, baxdım ki, təkrardı, mən bir dəfə belə ağlamışam.
Ondan ötrü susmaq istədim, baxdım ki, təkrardı, mən bir dəfə də belə susmuşam. Neyləmək istədimsə, təkrar idi.