VI çağırış Milli Məclisin deputatı olmuş YAP üzvlərindən namizədlikləri yenidən irəli sürülən şəxslərdən bəzilərinin adları məlum olub.
Musavat.com bildirir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin adları müəyyənləşib. Onların arasında Tahir Mirkişili, Ziyafət Əsgərov, Azər Badamov, Kamil Cəfərov, Nurlan Həsənov, Musa Quliyev, İmamverdi İsmayılov, Rəşad Mahmudovun adları var.
YAP İdarə Heyətinin üzvü Musa Quliyevin sözlərinə görə hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın adı siyahıda yoxdur.
VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəyli, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib.
***
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Tam siyahının bu gün ərzində açıqlanacağı gözlənilsə də, artıq bəzi deputatların yenidən YAP-ın siyahısında yer aldığı bəlli olub.
Belə ki, YAP 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb.
Bundan başqa, Cavanşir Paşazadənin 76 saylı Lənkəran-Masallı, Məşhur Məmmədovun isə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyi təklif edilib.
***
Əldə etdiyimiz digər məlumata görə, 6-cı çağırış deputatlardan Tahir Mirkişili, Hicran Hüseynova, Eldar İbrahimov, Ağalar Vəliyevin də namizədliyi irəli sürülüb.
***
VI çağırış parlamentinin deputatı Məlahət İbrahimqızı 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizəd olub.
***
VI çağırış parlamentinin deputatı, tanınmış həkim Rəşad Mahmudovun namizədliyi 77 saylı Astara seçki dairəsindən irəli sürülüb.
***
VI çağırış Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Hüseynli də namizədlər siyahısındadır.