“Bir sıra marketlərdə, xəstəxanalarda verilən qəbzlərin keyfiyyətsiz olması, bu səbəbdən vətəndaşların ƏDV yükləyə bilməmələri barədə mənə daim telefon zəngləri gəlir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, istehlakçılara xüsusən meyvə-tərəvəz dükanlarında ümumiyyətlə qəbz verilmir: “Vətəndaş deyəndə ki, kartla ödəniş etmək istəyirəm, deyirlər “onda pulu VÖEN-ə bağlı olmayan şəxsi karta köçür”. Belə yerlərin əksəriyyətində guya kart-terminal işləmirmiş kimi çoxlu bəhanələr gətirirlər. Bu cür ticarət yerləri vətəndaşların hüquqlarını pozmaqla dövlətin sosial siyasətinə də zərbə endirir. Belə hallarla qarşılaşan istehlakçılara “195” qaynar xəttinə zəng edərək İqtisadiyyat Nazirliyinə məlumat vermələrini tövsiyə edirəm”.