Danimarka ordusu qadınları da hərbi xidmətə çağırmağa başlayacaq.
Qadınların məcburi hərbi xidmətə çağırılması 2026-cı ildə həyata keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə military.com məlumat yayıb.
Danimarka orduda gənclərin sayını artırmaq məqsədilə ilk dəfə olaraq qadınları da məcburi hərbi xidmətə cəlb etməyə qərar verib. Əvvəllər danimarkalı qadınlar yalnız könüllü əsaslarla orduya yazıla bilərdilər.
Yeni qaydalara əsasən, 18 yaşına çatmış qadınlar kişilərlə bərabər genderə neytral hərbi çağırış lotereyasında iştirak edəcəklər. Bu barədə Danimarka parlamenti iyun ayında qanun qəbul edib.
Məlumata görə, əvvəlcə həm kişilər, həm də qadınlar arasında könüllülərə üstünlük veriləcək, qalan yerlər isə lotereya yolu ilə doldurulacaq.
Xidmət müddəti artırılır
Yeniliklər təkcə çağırış sisteminə deyil, həm də xidmətin müddətinə aiddir. İndiyədək 4 ay olan hərbi xidmət müddəti 11 aya uzadılacaq. Bunun 5 ayı əsas hazırlıq mərhələsi, 6 ayı isə əməliyyat fəaliyyəti və əlavə təlimlərə həsr olunacaq.
Ekspertlər narahatdır
Danimarka Müdafiə Kollecinin nümayəndəsi Rikke Hauqeqorq bildirib ki, çağırışçıların sayının artması ölkə üçün çətinliklər yarada bilər – xüsusilə lazımi avadanlıq və kazarma çatışmazlığı fonunda.
Hərbi çağırış proqramının rəhbəri, polkovnik Kennet Strem isə bu qərarın mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar verildiyini bildirib. Rəsmi qurumlar məcburi çağırışın genişləndirilməsini əsasən Şərqdən gələn təhdidlərlə izah edir. Lakin bəzi mənbələr xatırladır ki, Qərbdən də – xüsusilə ABŞ tərəfindən – Danimarkanın nəzarətində olan Qrenlandiya ilə bağlı təzyiqlər artmaqdadır və bu təzyiqlərin diplomatik yolla olmayacağı istisna edilmir.
İmran Kərimli