Dekabrın 7-də keçirilən dövlət satınalmalarında bir şirkət 2 qurumdan 5 tender qazanıb.
Qaynarinfo xəbər verir ki, bu gün 950 min 820 manat dəyərində tenderləri qazanan şirkət “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub.
Araşdırmalar zamanı məlum oldu ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC ötən ildən başlayaq dövlət satınalmalarında iştirak edir. İndiyə kimi 39 tenderin qalibi olub. Maraqlı isə odur ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qalib gəldiyi tenderləri Bakı şəhərindəki icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin müvafiq qurumları keçirib. Bu isə əsaslı şübhələrə səbəb olur.
Adından və qalib olduğu tenderlərdən göründüyü kimi, bütün profillərdə fəaliyyət göstərən “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Şirkət 2015-ci ilin mart ayının 18-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47, qanuni təmsilçisinin isə Əbilov Elçin İslam oğlu göstərilib.