Son dörd il ərzində dünya turu edən “Evə aparan beş yol” (Five Roads Back Home) adlı fotosərginin fevralın 22-də Avropa İttifaqının paytaxtı Brüssel şəhərində təqdimatı keçirilib. Son dörd il ərzində dünya turu edən “Evə aparan beş yol” (Five Roads Back Home) adlı fotosərginin fevralın 22-də Avropa İttifaqının paytaxtı Brüssel şəhərində təqdimatı keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) TİA.AZ-a verilən məlumata görə, Brüsseldəki “Art Thema” Qalereyasında məşhur alman fotoqraf Filip Ratmerin işləri fevralın 23-dən 28-dək sərgilənəcək. Nümayiş etdirilən şəkillərdə təqribən bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin portreti yer alıb. Bu təsirli və emosional şəkillərdə onların simaları qara fonda yaxın rakursdan çəkilib. Fotosərgi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunub.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilghen tədbirdə çıxış edib: “Mən Beynəlxalq Cinayət Hüququ üzrə ixtisaslaşan bir hüquqşünasdan məsləhət istədim. O bildirdi ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər. Hətta Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə qarşısında belə.
Qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 9.7 milyon əhalisi olan Azərbaycan üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək dərəcələrdən biridir”.
Sonra Filip Ratmerin çıxış edib: “Dağlıq Qarabağ dünyanın unudulmuş münaqişələrindən biridir. Artıq 25 ildir, bu münaqişə bitmir. Atəşkəs çox kövrək bir sülhü qoruyur. Bu məcburi köçkünlər münaqişənin doğurduğu çətinliklərdən əziyyət çəkirlər. 2012-ci ildə qaçqın düşərgələrini ziyarət edərkən bu insanlar mənə öz taleləri, ümidləri və narahatlıqları haqqında danışıblar – bəziləri çox həvəslə, bəziləri isə müəyyən təmkinlə. Fotoşəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var – işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək…”
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov bildirib ki, bu gün biz Xocalı faciəsinin 25-ci ildönümünü anırıq: “Bu faciə bütün azərbaycanlılar üçün çox şeyi dəyişdi. Təəssüflə qeyd etməliyəm ki, bu hadisəni törədənlər məlumdur, lakin onlar hələ də cəzalandırılmayıb. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür, lakin Ermənistan tərəfi bu prosesdə aydın şəkildə iştirak etmir.
Şadam ki, TEAS-ın Benelüks ofisi bu unikal sərgini Avropanın mərkəzində Brüsseldə təşkil edir ki, burada bütün avropalılar 25 il əvvəl Azərbaycanın Xocalı şəhərində nə baş verdiyini öyrənməlidirlər. Mən, həmçinin, ümid edirəm ki, Dağlıq Qarabağdan olan bütün azərbaycanlı məcburi köçkünlər fotoqraf Filip Ratmerin öz işində göstərdiyi beş yoldan birini seçərək tezliklə evlərinə qayıdacaqlar”. Tədbir pianoçu, bəstəkar və müğənni Nəzrin Əfəndiyevanın həzin musiqi ifası ilə yekunlaşıb.
Qeyd edək ki, Nəzrin Əfəndiyeva Azərbaycanın görkəmli bəstəkarlarından biri olan Fikrət Əmirovun nəvəsidir.