Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərləri bu gün Brüsseldə kritik görüş keçirirlər.
Tribunainfo.az xəbər verir ki, gözlər İsveçin Türkiyənin gözlədiyi addımları atıb-atmayacağına çevrilərkən, Macarıstan bu prosesdə Ankara ilə birlikdə hərəkət edəcəyini açıqladı.
Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, MİT-in rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.
Ankaranın fikrincə, İsveç hələ də Türkiyənin gözlədiyi addımları atmayıb.
Stokholmun terrorla mübarizə qanununda etdiyi dəyişiklik iyunun 1-dən qüvvəyə minsə də, İsveç Ankaranın istədiyi terror təşkilatı PKK və FETÖ üzvlərini hələ də ekstradisiya etməyib.
Ankara açıq şəkildə bildirdi ki, bu addımlar atılmasa, İsveçin üzvlüyünə qırmızı işıq yandıracaq.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto Türkiyənin İsveçin NATO-ya üzvlük prosesinə münasibətinin dəyişəcəyi təqdirdə Macarıstanın prosesi ləngitməyəcəyini açıqlayıb. O, həmçinin İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı türkiyəli həmkarı ilə əlaqə saxladığını bildirib.