“Sanksiyalara baxmayaraq, Britaniya istehsalçılarının bahalı avtomobilləri Azərbaycan kimi üçüncü dövlətlər vasitəsilə idxal sayəsində Rusiyaya çatmaqda davam edir”.
Bizimxeber.az bildirir ki, bu barədə material Britaniyanın “Sky News” telekanalında verilib.
Telekanalın məlumatlarında qryd olunub ki, Qərb sanksiyalarının tətbiqindən sonra belə, yüz milyonlarla funt-sterlinq dəyərində olan elit Britaniya avtomobilləri dolama yollarla, üçüncü ölkələrdəki vasitəçilər vasitəsilə Rusiyaya aparılır.
Xüsusilə, 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı tammiqyaslı müharibənin başlanmasından əvvəlki beş illik dövrlə müqayisədə demək olar ki, 2000% artıb ki, bu da tamamilə görünməmiş bir sıçrayışdır.
Məlumatda qeyd olunur ki, ölkə gözlənilmədən Avstriya, Portuqaliya və İsveçi qabaqlayaraq, ümumi malların həcminə görə Britaniyadan 16-cı ən böyük avtomobil idxalçısı olub. Kəmiyyət baxımından bu, sanksiyalar tətbiq olunana qədər Britaniya avtomobillərinin Rusiyaya illik ixracına uyğundur. Eyni zamanda, Azərbaycandan Rusiyaya avtomobil ixracında görünməmiş artım müşahidə olunub.
HMRC-nin məlumatına görə, Azərbaycana ixrac edilən Britaniyanın lüks avtomobillərinin orta dəyəri 100 min funt sterlinqdən çoxdur.
Telekanal qeyd edib ki, alman avtomobilləri Rusiyaya əsasən Qırğızıstandan, Britaniya avtomobilləri isə Azərbaycandan keçir: “Avtomobil istehsalçıları məhsullarını Rusiyaya satmadıqlarını deyirlər. Avtomobillər şərti olaraq Azərbaycana gələndən sonra real son alıcının tapılması demək olar ki, mümkün deyil”.