Britaniyada “WhatsApp” qalmaqalı: Nazir, deputat və daha 11 nəfər vəzifədən kənarlaşdırıldı

Britaniyada “WhatsApp” qalmaqalı: Nazir, deputat və daha 11 nəfər vəzifədən kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin, parlament üzvü Oliver Rayan və 11 bələdiyyə məclisi üzvü vəzifədən uzaqlaşdırılıb.

Tribunainfo.az xəbər verir ki, İşçi Partiyasının seçkilərdə qalib gəlməsindən sonra baş verən bu hadisə “WhatsApp” yazışmalarının sızdırılmasının ardınca yaşanıb. Vəzifəsindən kənarlaşdırılan Qvin və Rayan peşman olduqlarını bildirərək üzr istəyiblər.

Stokport bölgəsində yaradılan “Trigger Me Timbers” adlı “WhatsApp” qrupundakı mesajların mətbuata sızdırıldığı bildirilir. “Mail On Sunday” nəşrinin ortaya çıxardığı yazışmalarda vəzifədən uzaqlaşdırılan şəxslərin irqçi və cinsiyyətçi şərhlər etdiyi, hətta seçicilərlə lağ etdikləri məlum olub.

2019-2022-ci illəri əhatə edən mesajlarda Qvin yerli bir velosiped satıcısının yük maşını tərəfindən vurulmasının “lazımlı” olduğunu yazıb, həmçinin İşçi Partiyasına səs verməyən yaşlı bir seçicinin seçkilərdən öncə ölməsini arzulayıb. O, bir qadın seçiciyə qarşı cinsiyyətçi ifadələr işlədib, başqa bir məclis üzvü isə seçicilərə təhqiredici sözlər yazıb.

Millət vəkili Oliver Rayanın isə İşçi Partiyasının bir üzvünün cinsi kimliyi ilə bağlı istehzalı ifadələr işlətdiyi və partiyanın yerli bölgə sədrinin müavininə hörmətsiz yanaşdığı iddia olunur.

Səhiyyə naziri Qvinnin həyat yoldaşı Allison Qvinnin də qrupda etdiyi bir paylaşım müzakirələrə səbəb olub. O, kənd yerlərində yaşayan uşaqların “zibilxanalarda və kanalizasiyada üzməkdən xoşlandığını” yazıb.

İşçi Partiyasının sözçüsü məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb:

“Bu qrup haqqında məlumat aldığımız andan etibarən, İşçi Partiyasının qaydaları və prosedurlarına uyğun olaraq hərtərəfli araşdırma başladılıb və bu proses davam edir. Üzvlərimizdən gözlənilən yüksək standartlara uyğun davranmayan şəxslər haqqında sürətli tədbirlər görüləcək”.

“The Guardian” nəşrinin məlumatına görə, partiya daxilindəki mənbələr “WhatsApp” qrupuna dair hər hansı bir şikayətin partiyaya rəsmi şəkildə daxil olmadığını bildiriblər.

Qvinnin təhqiramiz ifadələr işlədiyi velosiped satıcısı açıqlamasında “Şok oldum və üzüldüm. Təkcə mən yox, ailəm, həyat yoldaşım və övladlarım da bu vəziyyətdən çox təsirləndi” deyə bildirib.

Qvinn isə sosial media platforması X-də paylaşdığı açıqlamada “Yanlış dəyərləndirilmiş ifadələrə görə üzr istəyirəm” deyib. O, vəzifədən uzaqlaşdırıldığına görə üzüldüyünü, lakin İşçi Partiyasına və baş nazirə dəstək verməyə davam edəcəyini bildirib.

Millət vəkili Oliver Rayan isə “Dərin peşmanlıq hissi keçirirəm. O zaman bu məsələyə reaksiya vermədiyim üçün üzr istəyirəm və bunun səhv olduğunu anlayıram” deyib.