Britaniya Ukraynaya hər il 3 milyard funt-sterlinq hərbi dəstək ayıracaq – XİN rəhbəri

Britaniya Ukraynaya hər il 3 milyard funt-sterlinq hərbi dəstək ayıracaq – XİN rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniyanın xarici işlər naziri David Kemeron Britaniyanın Ukraynaya illik üç milyard funt-sterlinq hərbi yardım göstərəcəyini və bunun “lazım olduğu müddətcə” davam edəcəyini vəd edib.
Tribunainfo.az xəbər verir ki, o, bu barədə Kiyevə elan olunmamış səfəri zamanı “Reuters” agentliyinə müsahibəsində bildirib.
Kemeronun açıqlaması 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalından sonra Britaniyadan verilən ən böyük dəstək vədidir.
“Biz lazım olduğu müddətcə, ildə üç milyard funt sterlinq verəcəyik. Avadanlıq təmin etmək üçün əlimizdən gələni etdik, – o deyib. – Bunun (avadanlığın) bir hissəsi mən burada olduğum müddətdə bu gün Ukraynaya gəlir”, – Kemeron əlavə edib.
Britaniyalı diplomat həmçinin ABŞ Konqresinin Ukraynaya çoxdan gözlənilən 61 milyard dollarlıq yardım paketinin qəbul edilməsini alqışlayıb.
“Bu, təkcə gətirəcəyi silahlar baxımından deyil, həm də Ukraynadakı insanlara gətirəcəyi ruh yüksəkliyi baxımından son dərəcə vacibdir”, – deyə nazir bildirib.
Kemeron Respublikaçıların lideri Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalına münasibəti ilə bağlı suala birbaşa cavab verməyib.
“Amerikalıların özlərinə kimi prezident seçəcəyinə qərar vermək bizim ixtiyarımızda deyil – kim olursa olsun, onunla işləyəcəyik”, – Kemeron deyib.
Yanvarda Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə səfəri zamanı Ukraynaya 2024-cü il üçün 2,5 milyard funt sterlinq dəyərində böyük hərbi yardım paketi elan etmişdi.
Səfər zamanı Sunak və prezident Vladimir Zelenski Ukraynanın müttəfiqləri ilə bağladığı bir sıra sənədlərdən birincisi olan ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
Kemeron müsahibədə həmçinin bildirib ki, Ukrayna Rusiyadakı hədəfləri vurmaq üçün Londonun verdiyi silahlardan istifadə etmək hüququna malikdir.