Böyük Britaniya “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etdi
Fiziki və hüquqi şəxslər də məhdudiyyətlərə düşəcək
Böyük Britaniya Rusiyanın iki ən böyük neft şirkəti — “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib.
Tribunainfo.az Reuters-ə istinadən xəbər verir ki, bundan əlavə, Rusiya “gizli donanması”na aid olan 51 tanker də məhdudiyyətlər siyahısına salınıb.
Böyük Britaniyanın maliyyə naziri Rəçel Rivz ABŞ-a səfəri zamanı jurnalistlərə bildirib ki, “Biz Rusiyanın ən böyük iki neft şirkətinə qarşı hədəfli sanksiyalar tətbiq edirik.”
Yeni məhdudiyyətlər rəsmi London tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə də şamil olunacaq, o cümlədən müdafiə sektoruna.
Rəçel Rivz həmçinin vurğulayıb ki, Britaniya üçün Rusiyanın dünya bazarlarında yeri yoxdur və Böyük Britaniya Moskva-Kiyev münaqişəsini dayandırmaq üçün bütün zəruri addımları atacaq.
Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları çərçivəsində “gizli donanma” təkrarən diqqət mərkəzindədir. Avropa Komissiyasının təqdim etdiyi 19-cu sanksiya paketində əlavə olaraq 118 gəminin Avropa İttifaqı sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sentyabrın 12-də Böyük Britaniya rus “gizli donanmasına” aid 70 gəmi ilə bağlı məhdudiyyətlər tətbiq etmişdi. Buna qarşılıq olaraq Fransa bir rus tankerini sərbəst buraxmaq məcburiyyətində qalmışdı, çünki məhkəmə onun saxlanması üçün əsas görməmişdi.
Bununla yanaşı, Avropa İttifaqı yaxın gələcəkdə Rusiyanın qaz və neftindən imtina etməyə yaxındır. Sanksiya paketinə əsasən, blok ölkələri üçün Rusiya enerji daşıyıcılarının idxalının dayandırılması 2028-ci ilə qədər təxirə salınır. Eyni zamanda Avropa Komissiyası yaxın vaxtlarda bu barədə qanun layihəsini təsdiq etmək niyyətindədir.
İmran Kərimli