Son vaxtlar ölkəmizdə saat satış nöqtələri həddindən artıq çoxalıb. Bu satış nöqtələri bəzən brend mağazalarla yanaşı, küçə və metro stansiyalarını da əhatə etməkdədir.
Son vaxtlar ölkəmizdə saat satış nöqtələri həddindən artıq çoxalıb. Bu satış nöqtələri bəzən brend mağazalarla yanaşı, küçə və metro stansiyalarını da əhatə etməkdədir. Təəssüflər olsun ki, bu satış nöqtələrində satılan saatların çox hissəsi məşhur brendlərin adından istifadə edilən saxta saatlardır. Bəs Azərbaycan saatsevərləri hansı saatın saxta, hansının orijinal olduğunu bilirmi?
Saxta saatları orijinaldan fərqləndirmək bəzən çox çətin olur. Bu da adətən saatın saxta variantının onun orijinalına maksimum bənzədilməsindən qaynaqlanır. Əsasən də xüsusi diqqətlə hazırlanan və baha qiymətə satışa çıxarılan saxta saatlarda bu hal daha çox yaşanır. Ancaq xırda nüansları bilməklə aldanmamaq mümkündür. Məsələn, orijinal saatların əksəriyyətinin şüşəsi sapfirdən hazırlanır. Bu isə cızıqsız şüşə deməkdir.
Saxta saatı əlinizə götürdükdə birinci çəkisinə fikir verin. Saxta saatlar adətən yüngül olur. Bundan başqa, saatın korpusunda heç bir əyrilik və batıq olmamalıdır. Əgər saatın kəməri dəridəndirsə, kəmərin kənarlarından heç bir sap və ya dəri çıxıntısı sallanmamalıdır.
Rəyini soruşduğumuz alıcılar saxta və eyni zamanda baha saatlara aldanmamaq üçün əsasən distribüterlərə müraciət etdiklərini deyirlər.
Saatsaz Hacı ustanın sözlərinə görə, saatın bahalı olması onun keyfiyyətinə dəlalət etmir. Odur ki, qiymət alıcıları aldatmamalıdır.
Azərbaycan qanunvericiliyinə görə, hansısa brendin saxtalaşdırılması qadağandır. İstehlakçıya saxta malın satılması inzibati xətalar məcəlləsinə əsasən cəzalandırılır. Belə əməllərlə məşğul olanlar 500-2000 manat arasında cərimə olunurlar.