Brejnev türk idi, ürəyi nasosla işləyirdi… – Kəşfiyyatçı danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

79 yaşlı professor, keçmiş kəşfiyyatçı Baxış İsmayılovun həyatını öyrənəndə, yaşadıqlarını eşidəndə onun 1 əsri əhatə edən canlı ensiklopediya olduğuna şübhə yeri qalmır.
 79 yaşlı professor, keçmiş kəşfiyyatçı Baxış İsmayılovun həyatını öyrənəndə, yaşadıqlarını eşidəndə onun 1 əsri əhatə edən canlı ensiklopediya olduğuna şübhə yeri qalmır. Körpə ikən ailəsi ilə birlikdə Qazaxıstana sürgün olunması, “vətən xaini” damğası almaları, Nazarbayevlə yaxın dostluğu, Heydər Əliyevlə maraqlı görüşləri, SSRİ lideri Brejnevlə yaxınlığı və daha nələr, nələr…

Axar.az-ın qonağı olan 78 yaşlı professorun zəngin, maraqlı ömür yolunu onun öz dilindən eşidək:

– Başlanğıcdan başlayaq: necə oldu ki, Qazaxıstana sürgün edildiniz?

– O günlər çox məşəqqətli olub… Atam savadsız insan olmasına baxmayaraq, çox bacarıqlı idi. Öz zəhməti hesabına xeyli iş görmüşdü. 735 hektar sahəsi var idi. Təbii ki, o vaxt bunu ona bağışlamadılar. Ona “vətən xaini” damğası vurdular. Ancaq atam çox vətənpərvər, insansevər adam olub. Qazaxıstana sürgün günləri dəhşətli idi… Ora göndərilən onlarla azərbaycanlı ağır şəraitlərə dözməyib, yolda həlak olub. O vaxtdan sonra Qazaxıstanda 20 il yaşamışam. Uşaqlığım, gəncliyim, təhsilim orda keçib. Qazaxıstanda orta məktəbdə oxuyanda hazırkı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax, mən rus sektorunda oxumuşuq. Attestatı alandan sonra Azərbaycana qayıtmışam. Hələ Bakıya qayıtmamışdan əvvəl Rəşid Behbudov Qazaxıstanda konsert verəndə onunla görüşmüşəm. O zaman R.Behbudov mənə demişdi ki, qayıt Azərbaycana, ora yaxşıdır. Onda Leonid Brejnev birinci katib idi. Həmin dövrdə imkanım var idi ki, Moskvaya oxumağa gedim.

– L.Brejnevlə ailənizin belə yaxın münasibətdə olmasının əsas səbəbi nədir?

– Ailələrimiz arasında əlaqələr çox güclü idi. Brejnev özü də türk əsilli idi. Bildiyim qədər, o, qaqauz idi, amma hər yerdə ukraynalı kimi təqdim olunurdu. Çünki Sovet hökuməti dövründə türkün adını çəkmək olmazdı. Türkün adını çəkəndə səni düşmən elan edirdilər. Onsuz da bizim “xain” damğamız var idi. Hərdən onun övladları Seryoja və Qalina ilə görüşürdük. Münasibətlərimiz axıra kimi yaxşı olub. Seryoja hardasa iki il əvvəl dünyasını dəyişib. Onun dəfn mərasimində iştirak etmişəm.

L.Brejnevin bacısının əri Smernov bizim kənddəki “Zavod lubernıx kultur” zavodunun direktoru işləyirdi. Brejnevin ixtisasca tarix müəllimi olan bacısı bizim məktəbdə direktor olub. Brejnevin bacısı oğlu Seryoja mənimlə bir parta arxasında oturub. Seryojanın anası anamla dostluq edirdi, çox yaxşı münasibətləri vardı. Hətta bir dəfə Brejnevin bacısı anamdan boranı toxumu istəmişdi. Brejnev çox insan adam idi. Onlar həmişə mənə deyirdi ki, sən Azərbaycana niyə gedirsən, Moskvaya get, biz də ora gələndə sənə vəzifə verərik. Mən Moskvaya gedəndə onlarla əlaqə saxladım. Onlar məni neçə dəfə dəvət etmişdilər, amma bir dəfə də olsun istifadə etməmişəm.

– Onların ailəsinə yaxın bir insan kimi deyə bilərsinizmi Brejnev xasiyyətcə necə insan idi?

– Çox yaxşı, həssas insan idi. Müharibəni görmüşdü deyə, nə vaxt bu barədə danışsaq, gözləri dolardı. Çünki bu dəhşətə şahidlik etmişdi. Sizə bir fakt deyim. Bakıda Ənvər adlı bir nəfər var idi, özü də mənimlə yaxın dost idi. Heydər Əliyev burada birinci katib olanda Brejnev son illərində H.Əliyevə deyib ki, mənə Ənvər lazımdır. Ənvərin kim olması barədə heç kimin məlumatı yox idi. H.Əliyev axtarıb araşdırıb o adamı tapdı. Daha sonra onlar Brejnevlə görüşdülər, qucaqlaşdılar. Sonradan Brejnev özü danışdı ki, o vaxt almanlar gəmini bombardman edəndə gəmidəki heyətin hamısı suya tökülüb. Brejnev boğulduğu yerdə həmin Ənvər adlı şəxs onu xilas edib. Brejnev bunları özü danışıb. Məhz buna görə H.Əliyev o adamı mükafatlandırıb, ev verib. Kimsə Brejnevə zərrə qədər yaxşılıq etsə, o, həmin adamı göylərə qaldırırdı. İnsanlara dəyər verən biri idi.

Səməd Vurğunun “Azərbaycan” poeması Brejnevin çox xoşuna gəlirdi. Hətta bir dəfə belə bir hadisə baş verdi. Hamımız bir yerdə oturmuşduq, söhbət əsnasında bir-birimizə qoşulub “Azərbaycan” şeirini deməyə başladıq.

– Brejnevin səhhəti ilə bağlı çoxlu söhbətlər var…

– Onun haqqında deyilənlərin bir qismi reallığı əks etdirmir. Mən həmin ailəyə yaxın biri kimi deyə bilərəm ki, onun ürəyi yox idi. Qocalandan sonra ürəyinə nasos qoyulmuşdu. O nasosu da yaponlar hazırlamışdı. Batareyası tez zəifləyirdi. Buna görə də Brejnevə iki ədəd üzük vermişdilər. O, həmin üzüyü barmağına taxıb fırladanda o nasosa enerji gedirdi, batareya enerji yığırdı. Brejnev həmin üzükdən birini adətən evdə saxlayırdı, digərini isə iş yerində qoyurdu. Elə onun da bəlasına getdi. Təxminən 4 il Brejnev o ürəklə yaşadı. Qəsdən batareyasını söndürdülər. Brejnevin ölümünə Andropov bais olub. Dostum Tserequn Andropovun müavini olub. Təəssüf ki, onun da sonu çox faciəli oldu.

Mən raykom katibi işləyəndə biz hər ay Mərkəzi Komitənin bülletenlərini alırdıq. Brejnevə təklif etmişdilər ki, çörəyin qiymətini qaldırılsın. Çörək çox ucuz olduğuna görə camaat bu nemətin qədrini bilmir, heyvana verir. O da fikirləşmədən dedi ki, nə qədər ki, sağam, çörəyin qiyməti belə olacaq.

– Brejnevin övladları necə, xasiyyətcə atalarına bənzəyirdilərmi?

– Brejnevin qızı Qalina Brejneva müğənni olmaq istəyirdi və oldu da. Brejnevin övladları Fransanı çox sevirdilər. O vaxtlar Fransanın paytaxtı Parisdə çox gözəl mədəni tədbirlər olurdu. Brejnevin övladları gedib bir gecədə həmin tədbirdə iştirak edib qayıdırdılar.

Brejnevin kürəkəni müxalifyönlü idi. O, ticarətlə məşğul olurdu. Belə bir söhbət var ki, o, vaxtilə Fransada çoxlu qadın ayaqqabıları alıb. Ayaqqabıların qiymətini soruşanda satıcı 15 rubla olduğunu deyib. O da deyib ki, mən sənə 17 rubl verəcəm, amma hər ayaqqabıdan qalan iki manatı mən deyən yerə göndərərsən. Həmin söhbəti ermənilər bir az böyütmüşdülər. “Pravda” qəzetinin əməkdaşı olan erməni bunu ikinci katib Suslova çatdırıb. Danışılanların əksinə, Brejnevin kürəkəni heç kəsə pul göndərməmişdi. Sözügedən iki rubl da dövlətin hesabına keçmişdi. Həmin erməni bütün bunları ona görə etmişdi ki, onu vəzifədən çıxarmışdılar.

– Deyirsiniz ki, H.Əliyevlə də dost olmusunuz. Onunla tanışlığınız barədə danışaq…

– H.Əliyevlə 1962-ci ilin noyabr ayının 18-də tanış olmuşam. O, partiya işinə gəlməmişdən əvvəl kəşfiyyatda xüsusi igidlik göstərib. Əliyev Azərbaycandan ötrü canını verməyə hazır idi.

O vaxtlar Çexoslovakiyada çevriliş gözlənilirdi. 1962-ci ildə kəşfiyyat bundan xəbər tutmuşdu və çevrilişə qarşı tədbir görmək üçün SSRİ Müdafiə Nazirliyi Çexoslovakiyada yığıncaq keçirirdi. Ora əsasən SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, nazir Şoloxov və KQB əməkdaşları yığışmışdılar. Həmin iclasda SSRİ Müdafiə naziri üstörtülü bizdəki vəziyyəti soruşdu. Mən də cavab verdim ki, bizdə hər şey qaydasındadır. H.Əliyev də həmin tədbirdə idi. Fasilə elan olundu. Yarım saatlıq fasilədə müavinim mənə yaxınlaşıb dedi ki, komandir, bir nəfər sizinlə maraqlanır. O tərəfə, bu tərəfə baxdım. Zalda ucaboy, idmançı görünüşlü biri var idi. Müavinim mənə həmin adamı göstərdi. Öz-özümə fikirləşdim ki, bu, heç SSRİ adamına oxşamır. Köməkçimə tapşırdım ki, maraqlansın görək, o adam kimdir. Bir azdan mənə gəlib dedi ki, həmin şəxs SSRİ adamıdır, KQB əməkdaşıdır, özü də dedi ki, Azərbaycandandır. Yanına getdim, görüşüb-salamlaşdıq. Bildirdi ki, azərbaycanlıyam. Hətta məndən erməni olub-olmadığımı soruşdu. Dedim, yox, azərbaycanlıyam. Rus dilində yaxşı danışmağım onu təəccübləndirdi. Ona Qazaxıstanda böyüdüyümü, orada hərbi xidmətə getdiyimi dedim. Dedi ki, peşəkar birinə bənzəyirsən. Dedim, yox, amma xüsusi tapşırıqları yerinə yetirirəm. Fasilə bitəndən sonra iclasa davam etdik. Bizə sanatoriyada yemək hazırlamışdılar. Dedim ki, mən o yeməkləri yemək istəmirəm. H.Əliyev yaxınlaşdı və dedi, burada yaxşı yer varmı? Dedim, hə, var. Mənim də Baris adlı bir dostum var idi, özü da yaxşı kabab bişirirdi. Gəldik onunla görüşdük. Dedim ki, Baris bir nəfər də azərbaycanlı gətirmişəm. Soruşdu ki, sənin kimidir? Dedim, məndən də yaxşıdır. Baris bizə xüsusi yemək masası hazırladı…

(Ardı var)