Səhər saatlarında Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə hərəkət edən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri artıq Ağdama geri qayıdıb.
Tribunainfo.az yazır ki, bu dəfə aparılan yüklər əsasən uşaq bezlərindən ibarət olub. Bununla yanaşı Qarabağda yaşayan ermənilərə un və tibbi ləvazimatlar da aparılıb.
Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXK tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.