Mançesterdə sinaqoq hücumu qurbanlarının xatirəsinə həsr olunan anım mərasimində Böyük Britaniyanın Baş nazirinin müavini və ədliyyə naziri Devid Lemminin çıxışı etirazçılar tərəfindən kəsilərək yarımçıq qalıb.
Tribunainfo.az “Reuters”ə istinadla xəbər verir ki, polis daha əvvəl açıqlamışdı ki, hücum zamanı ölən 2 nəfərdən 1-i səhvən polis gülləsinə tuş gəlib. D. Lemminin adı elan edilərkən izdiham arasında “Utanc olsun sizə” və “Fələstinə gedin, bizi rahat buraxın” kimi şüarlar səsləndirilib. Anım mərasimi hazırda davam edir.
Qeyd edək ki, Böyük Britaniyanın Mançester şəhərində Hiton Park sinaqoqunda saxta intihar kəməri geyinmiş şəxs əvvəlcə avtomobili izdihamın üzərinə sürüb, daha sonra bıçaqla insanlara hücum edib. Polis onu güllələyərək öldürüb. Hücum edənin 35 yaşlı suriyaəsilli Britaniya vətəndaşı Cihad Əl-Şaminin olduğu bildirilib.