“Ailələrin belə tez dağılmasına səbəb ailə dəyərlərinin və maarifləndirmənin zəif olmasıdır”
Bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq bildirib ki, ailə quran cütlüklər bəzən nə istədiklərini bilmirlər:
“Son dövr boşanmaların artması istər rəsmi statistik, istərsə də qeyri rəsmi məlumatlara görə artıq pik həddə çatıb. Təəssüf ki, hətta dörd və altı aylıq ailələrdə belə izdivacın ləğvi, yəni boşanma prosesi baş verir. Bunun da bir çox səbəbləri var. Psixoloji nöqteyi nəzərdən yanaşsaq, qurulan ailələrdə problemin olmasına səbəb evlilikdən öncə baş verən hadisələrdir. Biz psixoloqların rəyinə görə insan nişanlananda artıq kiminlə ailə quracağını bilir və düşünür ki, ailə qurduqdan sonra nəsə dəyişəcək. Boşanmalara xəyanətin daha çox səbəb olduğu deyilir. Rəsmi məlumatlarda isə cütlüklər boşanmalarına səbəb kimi bir-birilərini anlamadıqlarını bildirirlər. Burda yaxın adamların müdaxiləsi də istisna edilmir. Ailələrin belə tez dağılmasına səbəb ailə dəyərlərinin və maarifləndirmənin zəif olmasıdır. Ailə quran cütlüklər nə istədiklərini bilmirlər. Biz həmişə deyirik ki, boşanan cütlüklərin əlli faizi boşanmamalıydı. Daha çox evliykən boşanmış cütlüklərimiz də var.
Bəzən insanlar səhv etsə də, bunun fərqinə varmır. Cütlüklərin hər biri bir ailədən çıxıb və onlar ailə qurarkən yeni ailəyə adaptasiya olmamaları da boşanmaya gətirib çıxarır. Qurulan ailələrə o qədər dırnaqarası baxırlar ki, toyun səhər gün küsən cütlüklərimiz var. Ailə qurmazdan öncə gənclərimiz psixoloji tesdən keçirilməlidir. “Biri aydan, digəri çaydan” danışan iki insanı bir evə sığdırmaq qeyri-mümkündür. Doxsan faiz boşanan insanlar deyir ki, mən elə əvvəl gündən boşanacağımı bilirdim.
Psixoloq sosial şəbəkələrin də boşanmalara yol açdığını qeyd edib:
“Bu gün sosial şəbəkələrin ailələrə saldığı nifaq da var. Məşhurların ailə münasibətlərini görüb öz ailələrində insanlarımız problem yaradırlar. İnternetin və sosiallaşmağın bu qədər evimizə daxil olması tərəflərin kimlərləsə özünü müqayisə etməsinə səbəb olur. Bunun üçün sosial şəbəkələrdə maarifləndirmə işləri aparılmalıdır. Bu gün Azərbaycanda boşanmalar işıq sürəti ilə davam edir. Xəyanət məsələsinə gəldikdə, hər iki tərəf bunu edir. 10-15 il öncə qadın xəyanətinə az rast gəlirdik, amma təəsüflər olsun ki, Azərbaycanda artıq xəyanət edən qadınların da sayı artıb. Qadının xəyanət etməsi boşanmaya səbəb olsa da, kişinin xəyanət etməsi daha çox bədbəxt bir evliliyə yol açır. Maddi çətinliyə görə də boşanmalar baş verir. Kişi ailə başçısı kimi ailəni maddi cəhətdən idarə edə bilmədikdə, problemlər yaşanır və ailə boşanmağa məcbur olur. Çox az hallarda sonsuzluğa görə də boşanmalar baş verir və uşaq olmadığına görə tərəflər öz aralarında razılığa gəlib yollarını ayırırlar”.