Qabaqcadan əlbir olan cinayətkar dəstə hədə-qorxu yolu ilə Quba rayon sakini Rasim Nemətovdan pul tələb edərək onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilindiyindən saxlanılıblar.
ARB TV xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvəllər məhkum olunmuş Xaçmaz rayon sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılandan sonra Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkarlanıb. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Qabaqcadan əlbir olub dəstə təşkil etdiklərini və Rasim Nemətovdan Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunu hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığından o, pulu ödəyə bilməyib. Saxlanılan şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırıblar.
Pulu ödəyə bilmədiyindən Rasim Nemətov sol qolunun damarlarını kəsərək intihara cəhd edib.
Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır. Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba Rayon Polis Şöbəsinin istintaq şöbəsində cinayət işi açılıb.
Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.