“Bolt” və “Uber” taksi şirkətinin sürücüləri uşaqlı ailələri daşımaqdan imtina edir. Taksi sürücüsü 6 aylıq körpə ilə müştərinin sifarişindən imtina edib.
Tribunainfo.az xəbər verir ki, bu problemlə üzləşən sərnişin Rəhman Kərimov problemini sosial şəbəkədə işıqlandırıb. O bildirib ki, sürücü onların uşaqla olduğunu biləndən sonra gəlməkdən imtina edib:
“Təsəvvür edin taksi sifariş edirik. Sürücü yığıb ki, hara gedirik. Deyirlər filan yerə. Bildirmişik ki, uşaqlayıq və gözləyirik. Sürücü deyir ki, uşaqlasızsa, mənə icazə yoxdur, maşını batırır. Bildirdik ki, 6 aylıq uşaqdır, qucaqdadır. Sürücü deyir, hə, ona da icazə yoxdur, gəlmirəm”.
Şikayətçi həmçinin bildirib ki, bu cür hallara görə əziyyətlə çörək qazanan peşəkar sürücülərin də imici zərər görür.
Müştərinin bu şikayətinə digər müştərilər də qatılıb. Bir çox sərnişin bildirib ki, onlar da bu kimi hallarla üzləşiblər. Hər iki taksi şirkətinin bəzi sürücüləri uşaqlı ailələri daşımaqdan çox vaxt imtina edir.
Sözügedən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul