“Bolt” sürücüsü “otvyortka” ilə müştərinin atasını vurdu (TƏFƏRRÜAT)

“Bolt” sürücüsü “otvyortka” ilə müştərinin atasını vurdu (TƏFƏRRÜAT)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda “otvyortka” (vintaçan) ilə müştərinin atasını döyən taksi sürücüsü həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Şahin İsgəndərov küçəsində yerləşən “Raketa” sağlamlıq düşərgəsinin qarşısında  baş verib.
Belə ki, Davud Məmmədov (şərti) onun ad günündə iştirak etmək üçün evinə gələn oğlu Xəqanini və gəlinini yola salmaq üçün “Bolt” şirkətindən taksi sifariş verib. 1996-cı il təvəllüdlü Yusif Camalov (şərti) “Toyota Prius” markalı avtomobillə sözügedən ünvana çatıb. Davudun oğlu və ailəsi maşına əyləşmək istədikdə qabaq oturacağın normadan çox arxaya verildiyini görüb və sürücüdən oturacağı qabağa verməsini xahiş edib.  Taksi sürücüsü cavab olaraq oturacağın işləmədiyini bildirib. Bu vaxt onlar taksi sürücüsünə sifarişi ləğv edəcəklərini deyiblər.
Amma Yusif çox hirsli tərzdə Davuddan ödəniş tələb edib. “Sən kimsən ki, mənim oturacağımı yoxlamaq istəyirsən, iki manat pul verəsiz deyə nə desəz eləməliyəm?” deyərək zərərçəkmişin üzərinə qışqırıb. Davud isə “mərifətin-qanacağın olsun, görmürsən camaat ailəsi ilə yol gedir, bu nə tərbiyəsizlikdir edirsən?” deyərək etiraz edib. Sürücü cavab olaraq “qanacaqsız sizsiz” deyib və maşından ani olaraq “atvyorka” (vintaçan) götürərək onun gözünün altına zərbə endirib.
Hadisədən bir neçə dəqiqə sonra sürücü həmin ərazidən uzaqlaşıb. O, zərərçəkmişin şikayəti əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Yusif 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.