Bölgələrdəki hava limanları büdcəyə ağır yükdür – Ekspert

Bölgələrdəki hava limanları büdcəyə ağır yükdür – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin regionlarında bir neçə hava limanı tikilib-istifadəyə verilib, hələ bir neçə hava limanı da işğaldan azad olunan torpaqlarımızda tikiləcək. Regionlarda olan hava limanları ağır yük kimi büdcənin çiynindədir, işlədə bilmirlər, başqalarına da işlətməyə vermirlər.

Tribunainfo.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib. O əlavə edib ki, Lənkəran Hava limanının tikilməsinə 51 mln. dollar xərcləmişdi (indiki məzənnə ilə 86,7 mln. manat), sonradan 2 dəfə də cari təmir işləri görülüb (yeraltı sularla bağlı drenaj sistemi tikiləndə yaddan çıxmışdı), bu məqsədlə də 10 mln. manatdan çox vəsait xərclənmişdi, tikiləndən bəri hər il bu hava limanının saxlanmasına ildə 2-3 mln. manat xərclənilir:

“2023-cü ildə Lənkəran Hava limanından cəmi 12 min sərnişin istifadə edib (günə 32 sərnişin düşür).

Qəbələ Hava Limanı 85 mln. manat başa gəlib, hər il saxlanmasına 2 mln. manatdan çox vəsait xərclənilib, 2023-də bir nəfər də bu hava limanından istifadə etməyib, uçuş olmayıb.

Zaqatala Hava Limanı 67,1 mln. manata başa gəlmişdi, sonra mühəndislik xətalarının aradan qaldırılmasına və yenidən təmir edilməsinə əlavə 29 mln. manat da ayrıldı. Hər il 2 mln. manat da cari xərclər üçün ayrılır, 2023-cü ildə 0 sərnişinə “xidmət edib””.

N.Cəfərli bildirib ki, hələ 10-12 il əvvəl regionlarda olan hava limanlarını xarici şirkətlərə icarəyə verilməsinin doğru olduğunu təklif etmişdik, o zaman məmurlar ya cavab vermirdilər, ya da bu işin mümkün olmadığını deyirdilər:

“İnd deyirlər ki, regionalarda hava limanlarını uzunmüddətli icarəyə verilməsi üçün danışıqlar aparır, buna çalışırlar”.