“BNA-nın xalqı soyan sistemi dəyişməlidir” – Prezident fərmanından sonra gözlər BŞİH-də

“BNA-nın xalqı soyan sistemi dəyişməlidir” – Prezident fərmanından sonra gözlər BŞİH-də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda nəqliyyat sahəsində vəziyyət çox gərgindir və bu problemin öhdəsindən gələ bilmirlər. Baxmayaraq ki, 100 milyonlarla pul ayrılıb, çox sayda müasir avtobuslar alınıb. Məsələ nə pulda, nə də müasir avtobuslardadır. Əsas məsələ təfəkkürdə, intellektual idarəetmədədir. Dünya təcrübəsi, çoxlu effektiv metodlar var ki, onları tətbiq etmək lazımdır. Ad və yaxud təşkilati struktur dəyişmələr heç bir effekt vermir. Nəqliyyat sistemi 30 ildir ki, dayanmadan dəyişdirilir amma ortada keyfiyyətli nəqliyyat sistemi hələ də yoxdur”.
 
Bu sözləri Bakupost.az -a açıqlamasında “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Elçin Bayramlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) verilməsi ilə bağlı danışarkən deyib.
İqtisadçı ekspert qeyd edib ki, BNA Nazirlər Kabinetinə də verilsə, nəticəsi olmayacaq:

“Əvvəlcədən demək olmaz ki, nəsə dəyişiklik olmayacaq. Yəqin ki, hansısa dəyişiklik və yenilik olacaq. Bunun üçün bir qədər gözləməliyik
Amma şəhər nəqliyyat təsərrüfatı, nəqliyyat sistemi, planlaşdırma kökündən dəyişməlidir.
Birincisi, Bakı xaotik tikintilər, qeyri-təkmil bazar idarə etməsi ilə biabırçı bir şəhərə dönüb. İkincisi isə, nəqliyyat sistemi başqa prinsiplərlə tənzimlənib. Məsələn, marşrut avtobusları daha çox pul qazanmaq məqsədilə işə çıxır. Elə ərazilər var ki, orada marşrut avtobusu çox azdır, yaxud heç yoxdur. Metro olan yerlərə onlarla avtobus işləyir, amma metro olmayan yerlərə çox az avtobus gedir. Çünki bizdə avtobusdan başqa nəqliyyat sistemi yoxdur. Əgər bütün avtobusları metro istiqamətinə yönəldib daha çox insan götürsün prinsipi ilə davam etsək, heç vaxt sistemi yeniləyə bilməyəcəyik”.
Elçin Bayramlı BNA-nın qurduğu səhv sisteminə diqqət çəkib: “Bu qurum marşrutların avtobuslarının sayını azaldıb və getdiyi məsafəni qısaldıb. Elə edib ki, şəhərdə bir yerdən digər yerə getmək üçün 2-3 marşrut dəyişmək lazım olur. Halbuki 5-6 il bundan əvvəl şəhərin istənilən yerindən digər bir yerinə 1 marşrut ilə getmək olurdu. Bunların hamısı yalnız biznes, pul qazanmaq üçün hesablanıb. Kiminsə 5 manat əlavə pul qazanması üçün sistem belə hesablanmalı deyil. Burada bir məqsəd güdülür, insanlardan daha çox pul qopartmaq. İndi avtobuslar 50 nəfərin yerinə, 100 nəfər daşıyır. Xəttə o qədər avtobus buraxırlar ki, maksimum ağzına kimi dolu hərəkət edir. Bu təfəkkür normal, sivil ictimaiyyət, xalq üçün deyil. Bu sadəcə pul qazanmaq, biznes, yəni az xərclə çox gəlir əldə etmə prinsipidir.
İllərdir ki, deyirlər düzələcək amma daha da pisləşir. Eyni zamanda, virusun yayıldığı bir vaxtda BNA faciəvi bir vəziyyət yaradıb. İndi BŞİH bunu necə düzəldəcək?
İnsanlar 30 km yol üçün də 30 qəpik, 1 km yol üçün də 30 qəpik ödəyir. Bu da doğru bir baxış prizması deyil. Belə olmalı deyil, bu, cinayətkar yanaşmadır. Sırf xalqın, əhalinin, soyulmasına, talanmasına, onlara əziyyət edərək pul qazanmasına hesablanmış bir sistemdir. BNA BŞİH-yə veriləndən sonra bu sistem dəyişməyəcəksə, deyə bilərəm ki, heç bir əhəmiyyəti, təsiri də olmayacaq”.