Bizim futbola bir də şərhçi göndərin…

Bizim futbola bir də şərhçi göndərin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatı hamımızın yaxşı yadındadır. Gündoğar ölkələrdə təşkil edilən mundialda qardaş Türkiyənin yığma komandası bürünc medal qazanmış, bir-birindən maraqlı və unudulmaz oyunlarla hər birimizi həyacanlandırmışdı. İş o yerə gəlib çatmışdı ki, Hakanlı, Arifli, Rüştülü komanda 3-cü yer uğrunda keçirilən görüşdə qalib gələndən sonra xalqımız küçələrə axışmış, əvvəlcə Türkiyə səfirliyinin önünə, ordan da Azadlıq meydanına doğru yürüş etmişdilər.
Həmin çempionatı bizim üçün yaddaqalan edən daha bir məqam var idi. Çanaq antenalarına ötürülən peyk siqnalları futbol yayımı vaxtı bağlandığı üçün azarkeşlər bir andaca şok yaşamışdılar. Çünki yerli kanallardan heç biri mundialın yayım hüququnu almamışdı, ona görə də bütün ölkə futbolsuz qalmışdı. Məsələ o qədər böyümüşdü ki, dövlət başçısı, rəhmətlik Heydər Əliyev də işə qarışmış, problemin təcili həlli ilə bağlı tapşırıq vermişdi. Nə olursa-olsun, azarkeşlərə futbolu göstərmək lazım idi. Sözsüz ki, qısa müddətdə təşkilatçılarla danışmaq, yayım hüququnu almaq mümkün görünmürdü. Ona görə də bizimkilər daha optimal çıxış yolu tapdılar. Qonşu Rusiya və Türkiyə telekanalları ilə şifahi razılıq əldə olundu ki, onların görüntülərindən istifadə olunsun. Yəni ki, bizim telekanallara siqnal ötürülməyəcəkdi, sadəcə, rusların və türklərin ekran görüntüləri bizim televiziyalardan tamaşaçılara göstəriləcəkdi. Onların loqolarını gizlətmək üçün ekranı ora-bura dartırdılar, şərhçilərin səsini itirmək üçün efirin səsi tam kəsilirdi, əvəzində kompüter qrafikası ilə süni azarkeş səsləri verilirdi.
Biz nə günlərdən keçmişik. Şükürlər olsun ki, indi vəziyyət dəyişib. Maddi imkanları, gəlirləri artan telekanallarımız var və onlar nüfuzlu yarışların yayım hüququ üçün zamanında hərəkətə keçirlər, azarkeşlərə nomral görüntü təqdim edilir. Daha oğurluğa ehtiyac qalmır. Həmin dünya və Avropa çempionatlarının oyunları, avrokubok qarşılaşmaları futbolsevərlərə öz doğma dilimizdə, şərhçilərimizin təqdimatından göstərilir. Bir vaxtlar ağlımıza gətirə bilməyəcəyimiz işlərdir. Əlbəttə ki, zaman yerində qalmır. Hər şey dəyişir, inkişaf edir. O cümlədən də biz. Bu baxımdan futbolsevərlərin tələbatlarının da artması, onların daha çox şey istəməsi normaldır. Amma ki, bütün bunlar da imkanlar çərçivəsində olsa, daha yaxşı deyilmi?!
İndi də çox dəyərli futbolsevərlər bizim şərhçiləri bəyənmir, Avropa çempionatının qarşılaşmalarını izləmək üçün Rusiya və Türkiyə telekanallarının axtarışına çıxırlar. Bəli, kabel televiziyası operatorlarının futbol vaxtı xarici idman kanallarını kəsməsi istehlakçı hüquqlarının pozulmasıdır. Çünki tamaşaçı bu kanala baxmaq üçün onlara pul ödəyib, həmin pulun da əvəzində xidmət göstərməlisən. Amma ümumilikdə şərhçilərin daim tənqid olunmasının bu məsələyə dəxli yoxdur. Üzülərək söyləyirəm ki, futbolsevərlərimiz belə davranmaqla azərbaycanlı futbol şərhçilərinə qarşı ədalətsizlik edirlər. Onların da səhvi ola bilər, hətta kimsə sübut etməyə arqument tapar ki, bizimkilər ruslardan və türklərdən nələrdəsə geri qalırlar. Lakin bu faktın özü belə azərbaycanlı şərhçilərdən bu səviyyədə imtina edilməsinə, onların kütləvi qınağa məruz qalmasına əsas vermir. Mən adlar çəkib, məsələni fərdiləşdirmək də istəmirəm. Problem ümumidir.
AFFA-nı təndiq edirik ki, milliyə əcnəbi məşqçi gətirir, milli komandaların həkimi və AFFA-nın nəzarətindəki “CBC Sport” telekanalının rəhbəri belə xaricdən gəlib. Bunu özümüzkülərə qarşı hörmətsizlik kimi qəbul edirik. İndi neynəyək, AFFA-ya haqq qazandıraq ki, bizdə yerli kadr yoxdur, futbol şərhçisini də xaricdə axtarmağa başlasınlar?!
Amal Abuşov