Bizə düşmən kəsilən media: İP yoxsa İQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuatımızın halını gördükcə, belə birtəhər oluram, nə bilim başgicəllənməsi, ürəkbulanması-fason bir hal gəlir mənə.  

Mətbuatımızın halını gördükcə, belə birtəhər oluram, nə bilim başgicəllənməsi, ürəkbulanması-fason bir hal gəlir mənə. 

Uzun zamandır şəxsən bu girdabın içində çabaladığımdan dolayı, ölkə mediasının bu iyrənc abu-havası mənim də canıma-qanıma hopub. Güzgüyə baxmağa qorxuram ki, özümdən iyrənərəm. Hə, vallah! Hələ küçədə-bayırda gündəlik mətbuatı izləyən mənim kimi eynəkli, soyuq baxışlı tipləri görəndə lap diksinirəm. İlahi, siz bu adamların nələr oxuduğunu, nələri oxumaq istədiyini bir bilsəniz! Onların tələbləri qarşısında, mətbuatımız acizdir və biçarədir.  

Mətbuatımız bu gün oxucunu öz arxasınca aparmaq gücündə olmadığından, ana öz körpəsinin arxasınca düşüb onu yedirtməyə çalışdığı kimi, mətbuatımız da oxucuya min bir zülümlə hazırladığı ciddi xəbəri yedirtməyə çalışır. Oxucu isə dəcəl uşaq kimi ayaqlarını yerə döyüb “abur-cubur” yəni açıq-saçıq, qurşaqdan aşağı xitab edən xəbərlər tələb edir. 

Mətbuat nümayəndəsini isə İQ yox, İP maraqlandırır. Oxucunun tələbatını ödəmək üçün mətbuatımız rəngdən rəngə düşür, getdikcə “saralır”, simasını itirib mövhumat təbliğatçısına, yalan maşınına çevrilir. Səd əfsus ki, buna dur deyən tapılmır, görünən o ki, tapılmayacaq da! Çünki, mətbuatımızın düşünən beyinlərinin, başbilənlərinin başı ev davasına, tiraj sevdasına, İP qovğasına qarışıb. At izi, it izinə qarışdığından kimin əlinin kimin cibindən çıxdığını müəyyən etmək çətin olduğundan, mətbuat da yetim uşaq kimi ortalıqda qalıb, əlinə veriləni gözünə təpişdirir. 

Bütün bunları gördükcə aid olduğum mühitdən diksinirəm, utanıram.
Mətbuatımızın düşdüyü bu acınacaqlı vəziyyətə baxdıqca, içim göynəyir. Ona görə yox ki, mən işimi-gücümü, problemlərimi bir kənara qoyub mətbuatın təəəssübünü çəkirəm -yox, əsla yox! Nəyimə lazım? Mətbuat dediyimiz zad lap “Aşqabad batan kimi” batsın, daşı-daş üstə qalmasın. 

Belə, lap yumurta bükməyə qəzet, qazançanın altına qoymağa jurnal tapılmasın ölkədə! Yəni, mətbuatın gündən-günə lağ hədəfinə çevrilməsi, insanların ülvi hisləri ilə oynaması, saxta reytinq, məntiqsiz  İP ehtirası məni qətiyyən narahat etmir. Kapitalizmin tələbi, siması başqa cür ola bilməz. Bu gün ölkədə bütün saytları, qəzetləri, jurnalları, xəbər agentliklərini bağlasalar, tüküm də tərpənməz. Çün mətbu orqanların sayı nə qədər az olsa, verilən xəbərlərdə həqiqət payı bir o qədər çox olar, bu vəhşi ehtiras bir müddətlik sakitləşər, insanlar həqiqəti yalandan ayırmaqda bu qədər çətinlik çəkməz.

İçimi göynədən, qəlbimi ağrıdan başqa məsələdir. Mətbuatın bazara çevrilməsi, əxlaqi dəyərlərin, insani münasibətlərin ikinci plana keçməsi, insanların pul üçün simasını itirməsi, dolayısıyla insanın dəyərdən düşməsi məni narahat edir. Pul qazanmaq üçün insan simasını itirməməli, saxtakarlıqla, şantajla, ədalətsizliklə kimlərinsə cibinə girməməlidir. Sümsük küçük kimi kiminsə qabağında yalmanan adamın mətbuatda nə işi var? Sözü bu qədər ucuz tutmaq rəvamıdır?

Çox təəssüf ki, insana xidmət etməli olan mətbuat, insanın düşməninə çevrilib. Bu ölkədə haqdan, ədalətdən, əxlaqdan danışıb insanların şəxsi həyatına burun soxan, şantajla, hədə-qorxuyla iş adamını sponsorluğa məcbur edən, təhqirlə-tənqidin sərhədini itirib, reketliklə pul yığan adamlar var və bu adamlar mətbuat nümayəndəsi, jurnalist kimi tanınır, sayğı görür, məclislərdə yuxarı başa ötürülür. Üstəlik, məhz bu cür adamlar qırmızı-qırmızı düzgünlükdən, haqq-ədalətdən danışır.  
And olsun rəbbimə, bu ölkədə adını latın qrafikalı əlifbamızla yaza bilməyən “baş redaktorlar” var. 

Əslində yazmaq istədiyim mətləblər, çatdırmaq istədiyim problemlər həddindən artıq çoxdur. Hərdən düşünürəm ki, hamı hər şeyi bilir və inadla, israrla susur. Heç kəs isti yerini soyuq etmək, qazancından məhrum olmaq istəmir. Ancaq inanıram ki, bir gün bu əxlaqsız düzənə, bu manyak təfəkkürə dur deyilən tapılacaq, mütləq tapılacaq! 

P. S: IP –  (İngiliscə Internet Protocol sözlərinin qısaltmasıdır) İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. Xəbər saytlarının tirajı, sayta girən istifadəçi sayından, yəni “ay pi”dən asılıdır. Bu gün redaksiyaların əksəriyyətində, IP təlaşı hiss olunur və xəbərlər daha çox IP-yə, yəni oxucu sayının çoxluğuna hesablanır.

IQ – (İngiliscə Intelligence Quotient sözlərinin qısaltmasıdır) İntellekt əmsalı insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. Azərbaycan mətbuatında intellektə hesablanmış materiallar demək olar ki, yox dərəcəsindədir.

Cəlil Cavanşir