AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil. Ümumiyyətlə, rəsmi Bakı AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, Təşkilat bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar, qərarlar verməkdən başqa heç nə etməyib:
“Halbuki AŞPA-ya üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
Nəticə etibarilə AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir”.
T.Rzayev əlavə edib ki, AŞPA hələlik qərar qəbul etməyib, lakin bu qərar veriləcəyi təqdirdə rəsmi Bakı səssiz qalmamalıdır:
“Azərbaycanın təşkilata etirazı nümayəndə heyətimizin qurumda fəaliyyətinin dayandırması ilə nəticələnə bilər. Prinsip etibarilə, bu gün Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı vaxtilə Qarabağ probleminin həllinə görə AŞPA-ya üzv olmuşdu. Artıq bu problem həll olunub. Yəni Azərbaycanın bu gün AŞPA-da olmasında heç bir zərurət yoxdur”.