Fransada yağ qıtlığının yaranmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur
Fransada yağ qıtlığının yaranmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur
Son günlər Avropanın aqrar sahədə ən inkişaf etmiş ölkələrindən olan Fransada ciddi yağ qıtlığı yaranıb. Kərə yağı nəinki kəskin bahalaşıb, üstəlik mağazaların piştaxtalarından da yoxa çıxıb.
The Guardian qəzeti yazıb ki, Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər. Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər.Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb.
Azərbaycanda kərə yağının kəskin bahalaşmasının Fransadakı böhranla əlaqəli olub-olmadığını şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Fransada yaşanan bahalaşma və yağ qıtlığının yaranması ilə Azərbaycanın ərzaq bazarında baş verən hadisələrin heç bir əlaqəsi yoxdur: “Ən azından aradakı zaman fərqi bunu deməyə əsas verir. Fransada yağ qıtlığının yaşanması ilə bağlı məlumat cəmisi bir neçə günün xəbəridir. Həm də ki, ölkənin statistik göstəricilərində bu qıtlıq xüsusi bəndlə göstərilməyib”.
Azərbaycanda yağın qiymətinin dinamik şəkildə artmasının isə bir çox göstəriciləri olduğunu vurğulayan iqtisadçı deyib ki, bu ilk növbədə manatın devalvasiyaya uğraması nəticəsində idxal olunan məhsulların qiymətinin qalxması ilə bağlıdır:
“Yerli istehsal olsa belə müəyyən komponentlər məhsulun idxal amilindən asılı olur. Bahalaşmaya səbəb olan digər amil isə bu sahədə hökm sürən inhisardır. Son dövrlər ölkənin kənd təsərrüfatı sahəsində müəyyən irəliləyişlər nəzərə çarpır. Heyvandarlığa xüsusi diqqət göstərilir. Buna rəğmən, məhsulun qiymətinin qalxması göstərir ki, yağın bahalaşmasının xarici ölkələrdə baş verən proseslərlə elə bir əlaqəsi yoxdur. Növbəti rübdə Fransadakı bu vəziyyət dəyişilə bilər, belə çıxır ki o zaman Azərbaycanda da yağın qiyməti aşağı düşəcək? Xeyr, bizdə dinamik artımdır”.
sherg.az