Biz tərəfdə “yeznə” sözü eşşəyə deyilir” kəlməsindən sonra əlini bıçağa atdı – MƏHKƏMƏ

Biz tərəfdə “yeznə” sözü eşşəyə deyilir” kəlməsindən sonra əlini bıçağa atdı – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Vüqar Səmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 29 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixə keçən gecə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki,  Quba rayon sakini, 1989-cu il təvəllüdlü Vüqar Səmədov əmisi qızının övladının ad günü mərasimində iştirak üçün onlara gedib. Süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşüb. Bu zaman təqsirləndirilən şəxs “yeznə” sözü eşşəyə deyildiyini, onların zonasında, yəni Qubada kürəkən deyildiyini söyləyib. Sonra əmisi qızının əri, iş üzrə zərərçəkmiş Elşən Kərəmov (soyadı şərti) onun ünvanına nalayiq ifadələr işlədib. Vüqar da məclisi tərk edib. Daha sonra o, evə yenidən geri qayıdıb və Elşəni çölə çağıraraq söhbət ediblər. Söhbət zamanı Vüqar turist bıçağını çantasından çıxardıb qəsdən zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

 

Hadisəni törədəndən sonra Vüqar Səmədov Quba rayonuna gedib. Avqustun 30-u səhər saat 10 radələrində qardaşı ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gedərək törətdiyi cinayəti etiraf edib.