Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Trend-ə müsahibə verib.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Trend-ə müsahibə verib.
TİA.AZ müsahibəni təqdim edir:
– Azərbaycan və Belarus arasında əməkdaşlığın cari səviyyəsini necə qiymətləndirirsiniz?
– Azərbaycan Belarusun mühüm və etibarlı siyasi və iqtisadi tərəfdaşlarından biridir. Bizim ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq səmimiyyət, etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır. Belarus çətin vəziyyətlə qarşılaşdıqda Azərbaycan rəhbərliyinin düz vaxtında dost yardımı etdiyini çox yaxşı xatırlayırıq.
Belarus-Azərbaycan əməkdaşlığının inkişafına Heydər Əliyev əhəmiyyətli töhfə verib. Biz Heydər Əliyevlə birgə ikitərəfli əməkdaşlığın möhkəm əsasını qoymuşuq.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin müvafiq diqqəti olmadan ölkələrimiz arasında münasibətlərin cari səviyyəsi belə yüksək ola bilməzdi. Vaxtilə biz ikitərəfli əməkdaşlığın prioritetlərini düzgün müəyyən etdik və öz praktiki nəticəsini verən razılaşmaları indi əlaqələndirilmiş şəkildə həyata keçiririk.
Bilirsiniz ki, bizim Azərbaycan Prezidenti ilə etibarlı, dost münasibətlərimiz var. Bu, təbii olaraq bütün dövlətlərarası əlaqələr sisteminə sirayət edib. Yüksək səviyyələrdə mütəmadi görüşlər üzrə yaxşı təcrübə formalaşıb, hökumətlər, parlamentlər, əsas nazirlik və qurumlar, işgüzar dairələr arasında ən əlverişli əməkdaşlıq əlaqələri yaradılıb.
Belarus və Azərbaycan beynəlxalq arenada yaxın mövqeyə malikdirlər, xalqlarımızın marağına uyğun müstəqil xarici siyasət yürüdürlər.
Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyası aktiv fəaliyyət göstərir. Qarşılıqlı ticarətdə hər iki tərəfdən 270-dən çox müəssisə iştirak edir və onlar yüzlərlə növ məhsulun tədarükünü həyata keçirirlər. Azərbaycanın 45-ə yaxın şirkəti ölkənizdə Belarus müəssisələrinin diler və distribüteridir.
İki ölkə arasında istehsalat və xidmət sahələrində əməkdaşlıq genişlənir. Xüsusilə investisiya sahəsində ikitərəfli əməkdaşlığın fəallaşdığını qeyd etmək xoşdur. Azərbaycan biznesi bizə logistika və iş mərkəzlərinin, mehmanxana biznesi və ictimai iaşə obyektlərinin, infrastrukturun yaradılması ilə bağlı layihələrlə təşrif buyurur. Tikinti, qida sənayesi, maşınqayırma, nəqliyyat, turizm, bank və sığorta xidmətləri kimi sahələr investorlarda maraq oyadır.
Daimi əsasda innovasiya layihələri üzrə işçi qruplarının iclasları, eləcə də hər iki ölkənin Rabitə nazirliklərinin xətti ilə biznes-forumlar keçirilir. Bu istiqamətdə daimi əməkdaşlıq innovasiyaların irəliləyişi sistemini – onların layihə işləmələrindən tutmuş praktiki tətbiqinə kimi – yaratmağa imkan verib.
Digər sahərlərdə də əməkdaşlıq tam sürətlə inkişaf edir. Hər iki ölkənin elm adamları arasında uzunmüddətli əlaqələr qurulub. Onlar birgə elmi layihələri icra edirlər.
Hər il Belarus və Azərbaycan artistləri daim uğurla keçən qarşılıqlı qastrol səfərləri edirlər.
Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, təhsil, mədəni və digər münasibətlərin hazırkı sistemi ikitərəfli strateji tərəfdaşlığın dinamik inkişafının mühüm amilidir.
Mən bir daha Azərbaycanla əməkdaşlıq haqqında dəfələrlə dediyim ifadəni təkrar etmək istərdim: “Kaş hər dövlətlə belə münasibətlərimiz olsun”.
– İki ölkə arasındakı cari əməkdaşlıq forması real imkanları nə dərəcədə əks etdirir?
– Belarus və Azərbaycan güclü intellektual, təhsil, elmi, iqtisadi, texnoloji və istehsalat potensialına malikdirlər. Bu gün Minsk və Bakı məhz qarşılıqlı səmərəli layihələrin axtarışına və reallaşdırılmasına istiqamətləniblər. Buna ilk növbədə hər iki prezidentin səyləri yönəlib. Yaxşı nəticələr var. Məsələn, 2007-ci ildən Gəncə avtomobil zavodunda təqribən 8 min ədəd “Belarus” traktoru və 3500 ədəddən çox “MAZ” markalı texnika yığılıb. 2015-ci ildə Azərbaycanın bu müəssisəsi Avrasiya İqtisadi Birliyi xaricində Belarus traktorlarının yığılması ilə məşğul olan ən böyük istehsalat sahəsi olub.
Ölkələrimiz üçün faydalı olan belə nümunələr daha çox ola bilər və olmalıdır. Biz adi ticarət çərçivəsindən kənara çıxan layihələrdə fəal iştirak etməyə hazırıq. Bu, iqtisadiyyatın müxtəlif sahələrində innovasiya ideyalarına əsaslanan birgə istehsalatın yaradılması və kənd təsərrüfatı, istehlak mallarının istehsalı, nəqliyyat, informasiya texnologiyalarının inkişafı sahələrində əməkdaşlığın intensivləşdirilməsidir.
Standartlaşdırma, rəqəmsal televiziyanın inkişafı, elektrik rabitəsi şəbəkələrinin və telekommunikasiya avadanlıqlarının modernləşdirilməsi, informasiya təhlükəsizliyi, trafik mübadiləsi sahələrində birgə işə qarşılıqlı maraq mövcuddur.
Belarus tərəfinin nüvə tədqiqatları sahəsində mövcud təcrübəsini nəzərə alaraq, Azərbaycanın mənimsəməyə başladığı atom enerjisinin inkişafı üzrə birgə fəaliyyət perspektivləri var.
Bizim əməkdaşlığımızın əsas hədəflərindən biri də birgə səylərlə istehsal olunan məhsulların üçüncü ölkələrə satışıdır. Yeri gəlmişkən, Azərbaycan bu məhsulların həm Qafqaz regionu, həm də Yaxın Şərq bazarlarında irəliləməsində əhəmiyyətli rol oynaya bilər.
– Azərbaycan hökuməti ölkədə bir sıra sənaye parkları və məhəllələri yaradır. Belarus sahibkarları belə layihələrə maraq göstərə və bu layihələrdə iştirak edə bilərlərmi?
– Şübhəsiz ki, Belarus tərəfi bu planların reallaşdırılmasında iştirak etməkdə maraqlıdır. Biz xarici bazarda infrastruktur layihələrinin müşayiəti sahəsində əhəmiyyətli iş təcrübəsinə malikik. Bu həm tikinti xidmətləri, həm “tam hazır” obyektlərin təhvil verilməsi, həm də maşın və avadanlıqların tədarüküdür. Fikrimcə, bizim sahibkarlar azərbaycanlı sifarişçilərlə ümumi dil tapa biləcək. Çünki Belarus qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığa açıqdır və dövlətlərimizin möhkəmlənməsinə və vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən istənilən ideyanın həyata keçirilməsinə hazırdır.
– Avrasiya İqtisadi Birliyinin yaradılması azərbaycanlı investorların Belarusa gəlişini nə dərəcədə stimullaşdırdı? Onlar hansı imtiyazları əldə etdilər?
– Bu gün iki il əvvəl fəaliyyətə başlayan Avrasiya İqtisadi Birliyinin azərbaycanlı investorların Belarusa gəlişinə necə təsir etdiyini birmənalı şəkildə ifadə etmək olmaz. Bu cür rəqəmləri misal çəkə bilərəm: 2015-ci ildə Belarusa azərbaycanlı tərəfdaşlardan daxil olan investisiyaların həcmi təqribən 5,5 milyon ABŞ dolları təşkil edib. Bu, Birliyin olmadığı 2014-cü ilin göstəricisinin 80 faizindən bir qədər çoxdur. 2016-cı ilin yanvar-iyun aylarında belə daxilolmaların həcmi 4 milyon dolları ötüb, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən təxminən 50 faiz çoxdur. Özünüz qiymət verin. Lakin şübhəsiz ki, Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin qüvvəyə minməsindən sonra Belarus iqtisadiyyatına investisiya qoyan azərbaycanlı iş adamları özlərinin bütün məhsul çeşidləri ilə Birlik ölkələrinin bazarlarına birbaşa çıxış imkanına malikdirlər. Bəs bu bazarın xüsusiyyəti nədən ibarətdir? Bu birləşmənin əsas məqsədlərindən biri mal, xidmət, kapital və işçi qüvvəsinin Birlik daxilində sərbəst hərəkətini təmin etmək olub. Bundan başqa, bu, müvafiq tarif siyasəti olan vahid gömrük ərazisidir. Burada təşkilat üzvləri üçün bərabər təsərrüfat şərtləri, eləcə də vahid texniki nizamlama qaydaları, sanitar, baytarlıq və fitosanitar normaları mövcuddur.
Həmçinin qeyd etmək lazımdır ki, Belarusda kifayət qədər cəlbedici investisiya və vergi mühiti yaradılıb. Burada bir sıra preferensial rejimlər var ki, bunlar da beynəlxalq şirkətlər üçün, o cümlədən vergi planlaşdırılması və optimallaşdırılması baxımından çox faydalı ola bilər. Mən azad iqtisadi zonalarda, Yüksək Texnologiyalar Parkında və Çinlə birgə yaratmaqda olduğumuz “Böyük daş” sənaye parkında biznesin təşkili zamanı güzəştli təsərrüfatçılıq şərtlərini nəzərdə tuturam. İstənilən şirkət Belarusun kiçik və orta şəhərlərinin ərazilərində fəaliyyətə başlayaraq investisiya xərclərinin və vergi yükünün maksimum azaldılması kimi əlavə mənfəət əldə edə bilər.
– Uzun fasilədən sonra, oktyabrda Belarus Azərbaycan neftinin alışını bərpa etdi. Azərbaycan və Belarus arasında energetika sahəsində daha hansı əməkdaşlıq istiqamətlərinə baxmaq olar?
– Bu, Belarus üçün ikitərəfli əməkdaşlığın, o cümlədən enerji resursları mənbələrinin diversifikasiyası kontekstində prioritet istiqamətlərindən biridir. Artıq bu sahədə müsbət birgə iş təcrübəsinə sahibik. Respublikamız hələ SSRİ vaxtından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına cavab verən yüksək texnoloji səviyyə ilə, neft emalının dərinliyi və neft məhsullarının keyfiyyəti ilə xarakterizə olunur. Belarus neft-kimya məhsullarının 70 faizdən çoxu xarici bazarlarda satılır. Ona görə də Azərbaycan neftinin Belarus zavodlarında emalı bizim üçün böyük maraq kəsb edir. Biz bu işi təşkil edərək kimya sahəsində qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirə bilərik. Bu, xüsusilə xammalın qarşılıqlı tədarükü və Belarus və Azərbaycan kimya müəssisələri arasında sıx əməkdaşlığın qurulması ola bilər.
Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində əməkdaşlıq da perspektivlidir. Bu sahədə qarşılıqlı fəaliyyətin diapazonu çox geniş ola bilər – birgə elmi tədqiqatların aparılmasından müasir yüksək effektli enerji qurğularının yaradılmasınadək.
– Belarus Azərbaycanın təşəbbüs göstərdiyi, Avropa və Asiya arasında yüklərin daşınması vaxtına əhəmiyyətli dərəcədə qənaət etməyi nəzərdə tutan beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsinə maraq göstərirmi?
– Bəli, bu bizə maraqlıdır. Müasir şərtlərdə malların dövlətlər arasında hərəkəti iştirakçılara geniş xidmətlərin göstərilməsini nəzərdə tutan çox mürəkkəb prosesdir. Bu planda Belarusun Transxəzər nəqliyyat marşrutunun bir hissəsinə çevrilməsi məntiqli olardı. Axı bizim ölkəmiz əlverişli coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu, ixtisaslaşmış kadrların mövcudluğu sayəsində yüksək tranzit potensiala malikdir.
– Ölkənizin son illərdə sülhməramlı meydançaya çevrildiyini nəzərə alsaq, Belarus Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz töhfəsini verəcəkmi?
– Əslində, Belarus həm milli maraqlara, həm də Avropa regionunda sabitliyin möhkəmləndirilməsinə tamamilə xidmət edən məsuliyyətli siyasətinə görə sülhməramlı statusunu əldə edib, sülhməramlıya “çevrilməyib”. Bu gün bu danılmaz faktı bizim opponentlərimiz də qəbul edir. Minsk dünya ictimaiyyəti tərəfindən haqlı olaraq Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üzrə daha rahat platforma kimi tanınır.
Tam məsuliyyətlə bəyan edirəm: biz bundan sonra da Belarusun paytaxtında müxtəlif formatlarda, müxtəlif səviyyələrdə istənilən münaqişə tərəflərinin barışığı üzrə görüşlərin keçirilməsini təmin etməyə hazırıq. Bu şərtlə ki, münaqişə tərəfləri bizdən müvafiq xahişi etsinlər.
Bu, Dağlıq Qarabağ probleminə də aiddir. Sizə açıq şəkildə deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürək ağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı biz hamımız – ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar, ermənilər və digər xalqların nümayəndələri – böyük bir dövlətin tərkibindən, Sovet İttifaqı adlı mehriban ailədən çıxmışıq. Buna görə də biz harada olmasından asılı olmayaraq, sülhün, normal həyatın və əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni edəcəyik.
Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməz olaraq qalır: problem yalnız danışıqlar masası arxasında və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll oluna bilər. ATƏT-in Minsk qrupunun üzvü olaraq Belarus tərəflərə bu münaqişənin sülh yolu ilə həll olunmasında lazımi yardımı göstərməyə hazırdır. Biz bu mövqedən çıxış edirik ki, insanlar üçün öz doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha qiymətli bir şey yoxdur.